"Biz gələn həftənin sonunda yəni, sentyabrın 24-25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirməyi planlaşdırırıq". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu ilə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, burada əsas format ondan ibarətdir ki, əvvəlcə ATƏT-in Minsk qrupunun həmsədrləri həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri ilə görüşürlər: "Ümid edirik ki, növbəti danışıqlar nəticə verəcək. Bildiyiniz kimi, Rusiya tərəfi öz diplomatiyasını daha da gücləndirib. Bu yaxınlarda qarşılıqlı səfərlər oldu. Amma hansısa nəticəyə nail olmaq üçün biz gərək bir qədər də işləyək. Rusiya yenə də Minsk qrupunun həmsədrliyinə dəstək verir. Biz bu məsələləri Nyu-Yorkda keçiriləcək görüşdə müzakirə edəcəyik".
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu isə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması hər kəs üçün bir ehtiyac sayılır: "Hesab edirəm ki, Ermənistan tərəfi bu münaqişəni uzatması barədə artıq düşünməlidir. Əgər onlar dünya ölkələri ilə əməkdaşlıq etmək istəyirlərsə, ilk öncə ciddi masa ətrafına əyləşməlidirlər. Bu münaqişənin uzadılması qəbul edilməzdir. İnanırıq ki, Azərbaycan öz torpaqlarını tez bir zamanda Ermənistandan geri alacaq".