"Biz Azərbaycanı regionun sürətli inkişaf edən ölkələri sırasında görürük. Malayziya Azərbaycanla olan xüsusi münasibəti və ölkənizin regional əhəmiyyətini tanıyır və yüksək qiymətləndirir". SİA-nın məlumatına görə, bu sözləri Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman deyib. O, Malayziyanın dövlət neft şirkəti olan "Petronas"ın, "Şahdəniz" yatağının işlənməsi üzrə Hasilatın Pay bölgüsü sazişində 15.5%, Cənubi Qafqaz Boru Kəməri Şirkətində (CQBK) 15.5%, Azərbaycan Qaz Təhcizatı Şirkətində (AQTŞ) isə 12.4% iştirak payına sahib olduğunu qeyd edib. Səfirin sözlərinə görə, razılaşmanın ümumi dəyəri 2.25 milyard ABŞ dolları təşkil edir.
"Ölkələrimiz arasında inkişafda olan diplomatik münasibətlər çərçivəsində, Azərbaycan və Malayziya arasında bir çox yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər həyata keçirilib. Ən mühüm tarixi səfərlərdən biri Malayziyanın baş nazirinin sentyabrın 11-12-də Azərbayacana baş tutan səfəri olub. Bundan əlavə, keçən il və bu il ərzində bir sıra nazirlərin və rəsmilərin Azərbaycana səfərləri qeyd oluna bilər. Bütün bu səfərlər Azərbaycanın Malayziya üçün olan əhəmiyyətini əks etdirir" - deyə, səfir bildirib.
O qeyd edib ki, 2014-cü ildə diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə və "Petronas" ilə Azərbaycan Respublikası Neft Şirkəti (ARDNŞ) arasında neft və qaz sektorunda əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb: "Hər iki anlaşma ötən il Malayziyanın baş nazirinin Azərbaycana tarixi əhəmiyyətli səfəri əsnasında imzalanıb. Biz də öz növbəmizdə Azərbaycan tərəfinin Malayziyaya səfərlərini gözləyirik. İnanırıq ki, gələcək səfərlər, müqavilə və anlaşma memorandumlarının imzalanması nəticəsində Malayziya və Azərbaycan arasındakı ikitərəfli əlaqə və əməkdaşlıq daha da möhkəmlənəcək".