"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə Milli Məclis cavab verəcək". Bu sözləri SİA-ya millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında deyib.
O bildirib ki, məsələ ilə bağlı 14 sentyabrda Milli Məclisdə müzakirə aparılacaq: "Avropa dəfələrlə Azərbaycana qarşı öz ikili standartlarını tətbiq edib və bu məsələ hələ də davam edir. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edildiyi gündən bu günədək bütün Qərb aləmi, o cümlədən Rusiya Ermənistanın apardığı siyasətə dur deməyib. Bu məsələ ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməyə baxmayaraq Avropa həmişə Ermənistanın yanında olub, Azərbaycanın haqlı mövqeyini gizlətməyə çalışıb. Ona görə də Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə yeni bir hadisə deyil. Daha əvvəl də Azərbaycanla bağlı buna bənzər qərar çıxarılmışdı. Təbii ki, buna bizim Milli Məclis cavab verəcək".
Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra çox böyük inkişaf yolu keçib. Bu inkişafın qabağını heç nə ilə kəsmək olmaz: "Avropa Parlamentinin Azərbaycana qarşı atdığı bu addım qərb ölkələrinin ədalət və demokratiya prinsiplərinə şübhə yaradır. Təbii ki, biz öz içimizdən apardığımız siyasətə də diqqət ayırmalıyıq. Biz hansısa işi görərkən onun təqdimatını düzgün aparmırıq və ya Qərblə diplomatik münasibətlərdə qəbul olunmuş yollarla hərəkət etmirik. Bəzən Milli Məclis deputatları tərəfindən kobud bəyanatlar verilir. Hər hansı bir tələblə bağlı kobud müqavimət göstərmək arada soyuqluq yarada bilir. Buna görə də biz bu qətnamə ilə bağlı təmkinli bir cavab verməliyik. Azərbaycanın tutduğu demokratiya yolu insan haqlarının qorunmasına və söz azadlığının qorunması doğru aparır. Bu bizim ölkənin əsas prinsipləridir və biz bu prinsiplərdən heç vaxt kənara çıxmırıq".