Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən və 143-cü teatr mövsümünün açılışına həsr olunan mətbuat konfransında qalmaqal olub. SİA-nın məlumatına görə, konfransda iştirak edəcəyini deyib, lakin sonradan gəlməyən teatrın direktoru İsrafil İsrafilovun mətbuat konfransına gəlməməyi jurnalistləri qəzəbləndirib. Jurnalistlər bildiriblər ki, onları maraqlandıran suallarını cavabını yalnız İ.İsrafilov verə bilər. Belə ki, teatrın bəzi aktyorları bir neçə gün bundan əvvəl dünyasını dəyişən xalq artisti İlham Əsgərovun ölümündə teatrın direktoru İsrafil İsrafilovu günahlandırırlar. Onlar İ.İsrafilovun mətbuat konfransına gəlməsini və suallara cavab verməsini istəyiblər. Hətta diqqətə çatdırılıb ki, xalq artisti İlham Əsgərovla vida mərasimi 33 il zəhmət qoyduğu Akademik Milli Dram Teatrında baş tutmalı idi. Lakin teatrın rəhbəri bunu da etmədi.
Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət isə jurnalistləri sakitləşdirməyə çalışıb: "Bu mənim mətbuat konfransımdır. Mən bu konfransı yaradıcı mühitdə aparmağı düşünmüşdüm. Siz burda şou yaradırsınız. Mən yaradıcı insanam, qalmaqal adamı deyiləm. Teatr canlı orqanizmdir. Teatrdan yaxşı şeylər yazın. Bura şou yeri deyil. Çalışın müsbət məsələləri görüb yazın".