Bakı metrosu qrafikini dəyişir

11 Sentyabr 2015 13:34 (UTC+04:00)

"Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur. Sərnişindaşıma qabiliyyətini artırmaq, xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir". Bunu SİA-ya "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, qatarların sayı artırılmaqla qatarlararası interval da azaldılır: "Belə ki, Həzi Aslanov - 28 May stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. 28 may - Dərnəgül və 28 May - İçərişəhər stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq".

Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.