Avstriyaya 2 mindən çox mühacir keçib

5 Sentyabr 2015 17:59 (UTC+04:00)

Avstriya polisinin məlumatına görə, son saatlar ərzində 2 mindən çox mühacir Macarıstan sərhədlərini keçərək ölkəyə daxil olub. BBC telekanalı xəbər verir ki, hökumət gün ərzində Avstriyaya gələn mühacirlərin sayının iki dəfə artacağını ehtimal edir.

Avstriyanın Burgenland əyalətinin polis rəisi jurnalistlərə müsahibəsində Macarıstan hökumətinin mühacirlərin daşınması üçün nəzərdə tutulan avtobusları öz ərazisinə buraxmadığını və bu səbəbdən onların sərhədi piyada keçməyə məcbur olduqlarını deyib.

Bütün bunlara baxmayaraq, mühacirlərə isti yemək və müvəqqəti sığınacaq verən insan haqları üzrə təşkilatların nümayəndələri sərhəddə işlərini davam etdirir.

Xatırladaq ki, bir qədər əvvəl Macarıstan hökuməti ölkə ərazisində toplanan minlərlə mühaciri qərbə buraxmaqdan imtina etmiş və onları qatarlardan düşürmüşdü.

2013-cü ildə imzalanan Dublin sazişinin şərtlərinə əsasən, mühacirlər daxil olduqları ölkədə qeydiyyatdan keçməli və qaçqın statusu almaq üçün müraciət etməlidir.