Turizmlə bağlı plan hazırlanır

5 Sentyabr 2015 14:00 (UTC+04:00)

Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği Mədəniyyət və Turizm Nazirliyinin əsas funksiyalarından biridir. Xarici ölkələrdə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin turizm potensialının daha da effektiv təbliği məqsədilə sistemli yanaşmaya əsaslanan planlaşdırma aparılmaqdadır. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarşıya qoyulmuş məqsədlərin səmərəli həyata keçirilməsi üçün konkret tədbirləri və eləcə də onların keçiriləcəyi ölkələri müəyyən edən illik marketinq planı hazırlanır.

Hazırlanan plana əsasən 2016-cı il üzrə iyirmiyədək beynəlxalq turizm sərgisində iştirak, xarici media və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfərinin təşkili, sosial şəbəkələrdə təbliğat və reklam da daxil edilməklə elektron marketinq fəaliyyətinin aparılması, Azərbaycan və xarici turizm sənayesinin nümayəndələrinin iştirakı ilə təqdimatların və işgüzar görüşlərin təşkil edilməsi kimi məsələlər daxildir. Eyni zamanda, növbəti il üzrə "CNN", "Euronews" və digər dünyaca məşhur televiziya kanallarında, habelə nəşriyyat materiallarında müvafiq reklam məhsullarının yayılması, bir sıra ölkələrin böyük şəhərlərində Azərbaycana həsr edilmiş küçə reklam kampaniyalarının aparılması kimi məsələlər öz əksini tapacaqdır. Hazırlanan planın xüsusi seqmentlərindən birini də ölkəmizin Almaniya və İran Körfəzi ölkələrində turizm təmsilçiyini həyata keçirən şirkətlərin fəaliyyəti təşkil edir.

Yuxarıda qeyd olunan tədbirlərin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Türkiyə, İran körfəzi ölkələri, Rusiya, Qazaxıstan, Yaponiya, ABŞ və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycanda daxili turizm və onun ölkə vətəndaşları arasında təbliği də əsas prioritetlərdən biridir. Bu mənada, 2016-cı il üzrə marketinq planına əsasən yerli jurnalistlərin və turizm sənayesi nümayəndələrinin xüsusi olaraq müəyyən edilmiş daxili marşrutlarla (infoturlarla) səfərinin təşkili, milli televiziya kanallarında ölkəmizin daxili turizm potensialının təbliğinin həyata keçirilməsi, daxili turizm yarmarkaların və digər kütləvi tədbirlərin təşkil edilməsi nəzərdə tutulub.