Müalicəvi turizmin vəziyyət ilə bağlı görüş keçirilib

5 Sentyabr 2015 11:34 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyində Nazir müavini Nazim Səmədov və Sağlamlıq Turizminə Dəstək İctimai Birliyinin rəhbəri Ruslan Quliyev ilə Azərbaycanda müalicəvi turizmin vəziyyəti, perspektivləri və bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı görüş keçirilib. SİA-nın məlumatına görə, Sağlamlıq Turizminə Dəstək İctimai Birliyi 2013-cü ildə Mədəniyyət və turizm Nazirliyinin dəstəyi ilə təsis edilib. Birliyin əsas məqsədi Azərbaycanda sağlamlıq və müalicəvi turizmin inkişafı və onun xarici ölkələrdə təbliğ edilməsidir.

Görüş zamanı R. Quliyev bildirib ki, 2013-cü ildən hal-hazıradək Birlik tərəfindən bir sıra vacib işlər görülüb. Təşkilatın internet səhifəsi yaradılmış və bir sıra sosial şəbəkələrdə təbliğat fəaliyyəti, habelə Türkiyə, Gürcüstan, BƏƏ və Qazaxıstanda keçirilən ixtisaslaşmış sağlamlıq və müalicəvi turizm sərgilərində təşkilatın və ona üzv olan mehmanxanaların iştirakı təmin edilib. Bununla yanaşı, təşkilat mütəmadi olaraq müvafiq treninq, konfrans və seminarlarda iştirak edir və sağlamlıq turizminə aid müvafiq kataloq hazırlanaraq çap edilib. Bununla yanaşı Sağlamlıq Turizminə Dəstək İctimai Birliyinin fəaliyyəti dövründə bir sıra beynəlxalq təşkilat və birliklərlə əməkdaşlıq çərçivəsində müqavilələr bağlanıb və memorandumlar imzalanıb.

Daha sonra Azərbaycanda sağlamlıq və müalicəvi turizmin inkişaf istiqamətləri və perspektivləri və Mədəniyyət və Turizm Nazirliyinin Sağlamlıq Turizminə Dəstək İctimai Birliyinə dəstək formaları müzakirə edilib.