Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib

4 Sentyabr 2015 23:59 (UTC+04:00)

"Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət proqramına uyğun olaraq, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası nəqliyyatda işləyən avtobusların daha müasir avtobuslarla əvəz olunması diqqət mərkəzində saxlanılır, sərnişinlərə nümunəvi xidmət göstərilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 4-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək deyib ki, muxtar respublikada aparılan quruculuq tədbirləri nəticəsində yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub. Yeni yolların çəkilməsi, müasir xidmət imkanlarına malik avtovağzalların tikilməsi, şəhərdaxili və kəndlərarası marşrutlarda iritutumlu və rahat avtobusların istifadəyə verilməsi xidmətin səviyyəsini yüksəldib. Hazırda muxtar respublikada 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib. Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilib, müasir Avtobus Parkı istifadəyə verilib. Mirsənani Seyidov yol-nəqliyyat kompleksinin inkişafına göstərilən qayğıya görə muxtar respublika nəqliyyatçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobusların təqdim olunması münasibətilə kollektivi və sürücüləri təbrik edərək deyib: Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Xüsusilə də insan amili ilə bağlı olan məsələlər daim diqqət mərkəzində saxlanılır. Son illər sərnişindaşımalar üzrə xidmətin səviyyəsinin yaxşılaşdırılması da bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ölkə başçısının diqqət və qayğısı nəticəsində nəqliyyat infrastrukturunun yenilənməsi, yeni metro və qatar vaqonlarının, avtobusların və taksilərin alınması bu sahədə əhaliyə göstərilən xidmətin müasir tələblər səviyyəsində qurulmasına imkan vermişdir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikanın yaşayış məntəqələrinin hamısı marşrutlarla təmin olunmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 140-a yaxın marşrutda əhaliyə ictimai nəqliyyat xidməti göstərilir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində nəqliyyat xidmətinin nümunəvi təşkili bu tədbirlər sırasında xüsusi yer tutur. Çünki Naxçıvan şəhərində universitetlər, kolleclər, məktəblər yerləşir, sənaye müəssisələri fəaliyyət göstərir, gələn qonaqlarla birlikdə hər gün 10 mindən artıq insan nəqliyyat xidmətindən istifadə edir. İnsanların iş yerlərinə, tələbə və şagirdlərin isə təhsil müəssisələrinə vaxtında çatdırılması ictimai nəqliyyat vasitələrinin yenilənməsini zəruri edirdi.

Ali Məclisin Sədri deyib: Bu sahədə həyata keçirilən tədbirləri daha da təkmilləşdirmək, muxtar respublikada əhali artımını, gələn qonaqların sayını və yeni tədris ilinin başlanmasını nəzərə alaraq 7 ədəd yeni avtobus alınaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə verilmişdir. Yeni alınan avtobuslar xidmətin düzgün təşkilinə və sərnişinlərin rahatlığının təmin olunmasına imkan verəcəkdir. Həmçinin bu avtobusların alınması hesabına 14 yeni iş yeri açılmışdır. Ona görə də sürücülər avtobuslara mütəmadi texniki xidmət göstərməli, şəhərdaxili marşrutların iş qrafikinə vaxtında əməl olunmalıdır.

Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirən Ali Məclisin Sədri bir daha kollektivi yeni avtobusların alınması və iş yerlərinin açılması münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri yeni avtobusların açarlarını sürücülərə təqdim edib və onlara işlərində uğurlar arzulayıb.

Avtobuslara baxış zamanı məlumat verilib ki, yeni avtobusların 5-i "Kinq-lonq", 2-si isə "İsuzu" markalıdır. "Kinq-lonq" markalı avtobusların hər birində 23, "İsuzu" markalı avtobusların hər birində isə 25 oturacaq var. Bu nəqliyyat vasitələri ayaq üstə dayanan sərnişinlər də nəzərə alınmaqla 48 sərnişinə xidmət göstərə biləcək. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar yüksək manevrə malikdir. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı üçün hər cür şərait vardır.

"İsuzu" markalı avtobusda hərəkət qabiliyyəti məhdud olanlar üçün xüsusi oturacaq və əlil arabası yerləri ayrılıb, əlavə girişlə təchiz edilib. Kondisioner sistemi də quraşdırılan bu avtobusda sərnişinlərin ön və arxa qapıdan düşmələri nəzərə alaraq "dayan-tələb" düyməsi qoyulub. Qapılar tam bağlanmadıqda avtobusların hərəkəti mümkün deyil. Bu da sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.