Ankara Bəyənnaməsi qəbul olundu G20 toplantısında

4 Sentyabr 2015 16:19 (UTC+04:00)

Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında Ankara Bəyannaməsi qəbul olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bəyannamə hamı üçün keyfiyyətli iş yerlərinin yaradılması, tarazlı və davamlı inkişafa yardım məqsədilə bərabərsizliklərin azaldılması və bacarıqların inkişafına investisiya qoyuluşu məqsədlərinə yönəlib. Sənəddə əmək və məşğulluq nazirləri tərəfindən son illər dünya əmək bazarında özünü göstərən tendensiyalar müzakirə edilməklə, bu sahədə gələcək fəaliyyət prioritetləri müəyyən olunur. Prioritetlər sırasına daha çox sayda, həmçinin layiqli iş yerlərinin və daha inkluziv əmək bazarının yaradılması, sosial cəhətdən həssas qruplardan olan şəxslərin potensial imkanlarından tam istifadənin reallaşdırılması, onların əmək bazarına açıq, inklüziv və bərabər hüquqlu çıxış imkanlarına malik olmasına şərait yaradılması daxildir. Eyni zamanda, sənəddə iqtisadi artım üçün vacib olan insan resurslarının inkişafına, peşə bacarıqlarının, əmək vərdişlərinin təkmilləşdirilməsinə investisiyanın artırılması, əmək bazarına səmərəli monitorinqin tətbiqi və s. fəaliyyət istiqamətləri əksini tapır.

Türkiyənin sədrliyi ilə fəaliyyət göstərən G20 qrupunun üzvü olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə S.Müslümov tərəfindən ölkəmizdə dinamik iqtisadi tərəqqi şəraitində əmək bazarının inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq imkanlarının artırılması və işsizliyin azaldılması, insan resurslarının təkmilləşdirilməsi sahəsində aparılan işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib.