3 kəndə qaz verildi

4 Sentyabr 2015 14:20 (UTC+04:00)

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin davamı olaraq sentyabırın 4-də Ağdaş rayonunun Türyançay, Aşağı Ağcayazı və Yuxarı Ağcayazı kəndlərinə təbii qaz verilib. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 67 abonenti olan Türyançay kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7167 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Ümumilikdə 267 abonenti olan Aşağı Ağcayazı və Yuxarı Ağcayazı kəndilərinin qazlaşdırılması zamanı isə 22 kilometrə yaxın qaz xətləri quraşdırılıb, abonentlər qaz sayğacı və fərdi tənzimləyicilərlə təchiz edilib.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiribər.