Azərbaycan-Fransa arasında turizm əlaqələri genişləndirilir

4 Sentyabr 2015 12:02 (UTC+04:00)

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Səfirliyin birinci müşaviri Fabienne Drout Lozinski və digər əməkdaşlar arasında görüş keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşün məqsədi Azərbaycan Turizm və Menecment Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Bakı Peşə Məktəbi ilə Fransanın turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri və turizmin digər sahələrində əməkdaşlığın genişləndirilməsi olub.

Görüşdə Universitet tərəfindən Fransa təhsil ocaqları ilə təhsilin bütün pillələri, həmçinin orta peşə təhsili üzrə mümkün əməkdaşlıq müzakirə olunub.

29 sentyabr - 02 oktyabr tarixində Fransa Respublikasının Paris şəhərində keçiriləcək "Top Resa 2015" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti və Fransanın turizm təhsil ocaqları arasında görüş təşkil olunması və danışıqların davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, görüş zamanı həmçinin kənd turizminin inkişafı, kənd təsərrüfatlarının turizm məqsədilə istifadə standartları, koordinasiya işi sahəsində əməkdaşlıq perspektivləri üzrə də fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, Fransalı turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində olan çətinliklər, problemlər və çatışmamazlıqlar müzakirə olunub.

Məlumat verildiyi kimi, fransız turistlərin ölkəmizə daha da fəal cəlb edilməsi məqsədilə Azərbaycanın Fransa Respublikasındakı Səfirliyinin dəstəyi və Fransanın "Challenge Tourisme" Assosiasiyasının təşəbbüsü ilə 03-06 sentyabr 2015-ci il tarixində Bakı şəhərində "Açıq innovasiya və turizm" mövzusu üzrə tədbir keçiriləcək. Tədbirlərdə iştirak etmək məqsədilə Fransanın turizm sənayesi nümayəndələrin təmsil olunacağı geniş nümayəndə heyətinin ölkəmizə səfəri planlaşdırılıb.