Minskdə MDB-nin DİN Şurasının iclası keçirilir

2 Sentyabr 2015 20:05 (UTC+04:00)

Belarusun paytaxtında MDB iştirakçıları olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası keçirilir. Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, tərəflər Belarus paytaxtındakı qələbə meydanında keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Birlik ölkələrinin DİN (polis) nümayəndə heyətləri İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümü günündə bu ən qanlı müharibənin qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Nümayəndə heyətlərinin rəhbərləri Belarus DİN-in fəxri qarovul bölüyünün və nümunəvi orkestrinin müşayiəti ilə Qələbə monumenti önünə əklillər qoyub, tər çiçəklər düzüblər.

Sentyabrın 2-də MDB iştirakçıları olan dövlətlərin DİN (polis) rəhbərləri Belarus Respublikası hökumət evində Belarus Respublikası hökumətinin başçısı Andrey Kobyakovla görüşüblər.

Baş nazir qonaqları salamlayaraq vurğulayıb ki, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən görülən tədbirlər Belarusda müsbət qiymətləndirilir.

Nümayəndə heyətlərinin rəhbərləri Minskdə Birliyin iştirakçıları olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası başlanana qədər bir sıra ikitərəfli görüşlər keçiriblər. Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli danışıqları aparılıb.

Birliyin iştirakçıları olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək 43-cü iclasında kibercinayətlərə, avtomobil oğurluqlarına, narkotiklərin yayılmasına qarşı mübarizədə qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək.