Kuklaçılar tamaşaçılarını gözləyir

2 Sentyabr 2015 17:50 (UTC+04:00)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir. SİA-nın xəbərinə görə, teatr kollektivi qarşısında çıxış edən sənət ocağının direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə yeni mövsümdə hər kəsə yaradıcılıq uğurları, yeni tamaşaların sevincini arzulayıb, qarşıdakı gərgin iş planını açıqlayıb.

Bu ilin 15-20 noyabr tarixlərində Bakıda baş tutacaq "Cırtdan" III Beynəlxalq Kukla Teatrları Festivalı barədə məlumat verən R. Əhmədzadə dünyanın məşhur kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyi festivalın təntənəli açılışı üçün hazırlıq işlərinə başlanıldığın bildirdi: "Dünyanın kukla teatrı mütəxəssislərinin diqqət mərkəzində olan bu teatr bayramının rəngarəng proqramı var və düşünürəm ki, öncəki iki festivalda olduğu kimi Azərbaycan tamaşaçıları bu tədbiri də əsl bayram ovqatında qarşılayacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq bu möhtəşəm tədbirə ev sahibliyi edən teatrımızın da qonaqlara özünəməxsus sürprizləri olacaq. rəngarəng açılış proqramı ilə yanaşı sırf festival üçün nəzərdə tutulan tamaşamızı da teatrsevərlərə təqdim edəcəyik".

Mövsümə 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Musiqi günü münasibətilə onun məşhur "O olmasın, bu olsun" tamaşası ilə (saat 14, 16, 18.00) start veriləcəyini deyən direktor ilin sonunadək təhvil veriləcək tamaşalar barədə də ətraflı məlumat verdi: "Bu ilin sonunadək iki tamaşanı təhvil verməyi düşünürük. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi "Qırmızıpapaq" və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı "Bədheybət və gözəl tamaşalarıdır".

Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda "Şair ayı" tamaşasını da iş planında olduğunu bildirən direktor hazırda həmin rejissorla danışıqlar aparıldığını dedi.