Aktyorlarımız Rusiyada foruma qatılacaqlar

2 Sentyabr 2015 15:58 (UTC+04:00)

Sentyabrın 11-dən 15-dək Azərbaycanın gənc teatr xadimləri Moskvada keçiriləcək "Artmiqrasiya 2015" III Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər. SİA-nın məlumatına görə, tədbirdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları Oleq Əmirbəyov və Teymur Rəhimov, Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova və aktyor Eşqin Quliyev, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev iştirak edəcəklər.

Rusiya Teatr Xadimləri İttifaqının təşkil etdiyi festival-forumun məqsədi yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etməkdir.

Rusiya, MDB və Baltikyanı ölkələrdən gənc teatr mütəxəssislərinin iştirak edəcəyi tədbirdə gənc rejissorların səhnəyə qoyduğu tamaşalar da nümayiş etdiriləcək.

Qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərindən festivala qatılmaq üçün 70-dən artıq ərizə daxil olsa da, ekspertlər forumun proqramına 5 tamaşanın nümayişini daxil ediblər.