Rauf Məmmədov: "Hər birimiz yaxşı nəticə uğrunda mübarizə aparacağıq"

1 Sentyabr 2015 20:08 (UTC+04:00)

Azərbaycanda keçirilən bütün yarışlar yüksək səviyyədə təşkil olunur. Əminəm ki, şahmat üzrə dünya kubokunun təşkilatçılıq səviyyəsindən hamı razı qalacaq. Bir neçə gündən sonra Bakıda dünya kuboku, gələn il isə şahmat olimpiadası keçiriləcək. Şahmatsevərlər bizdən yaxşı nəticə gözləyirlər. Buna görə də hər birimiz yaxşı nəticə uğrunda mübarizə aparacağıq.

Şahmat üzrə dünya kuboku yarışlarının mətbuat xidmətindən bildiriblər ki, bu sözləri bu mötəbər turnirdə Azərbaycanı təmsil edəcək zəka ustası Rauf Məmmədov deyib.

Azərbaycanın dünya kubokunda ilk dəfə altı şahmatçı ilə təmsil olunacağını vurğulayan R.Məmmədov deyib: "Bu özümüzü yaxşı tərəfdən göstərmək baxımından şahmatçılarımız üçün gözəl şansdır. Ümid edirəm ki, nəticə baxımından fərqlənəcəyik. Fikrimcə, dünya kubokunda favorit olmur. Reqlament hər bir şahmatçıya rahat oynamağa və hətta sürpriz etməyə imkan verir. Dünya kubokunda iştirak edən 128 şahmatçıdan əksəriyyəti turnirin qalibi olmaq imkanına malikdir. Bu mənada reytinq favoritlər hər zaman proqnozu doğrultmur".

Şahmatçı diqqətə çatdırıb ki, dünya kuboku ərəfəsində millimizin kapitanı Aleksandr Xalifman ilə təlim-məşqdə iştirak edəcəyik. Püşkə əsasən ilk mərhələlərdə nisbətən güclü rəqiblərlə mübarizə aparacağıq. Bununla belə, sonadək oynamaq fikrindəyəm. Bu il klassik şahmatda 80 partiya oynamışam. Dünya kubokunda da mümkün qədər çox oyun keçirmək niyyətindəyəm. Proqnoz verməyəcəyəm, amma imkan daxilində irəli getmək istəyirəm.

"Dünya kuboku yığmamızın liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üçün xüsusi önəm daşıyır. Çünki finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaqlar. Son illər Azərbaycan bir qayda olaraq iddiaçılar turnirində təmsil olunub. Ümid edirəm ki, yeni mövsümdə də belə olacaq", - deyə şahmatçı vurğulayıb.

Şahmat üzrə dünya kuboku yarışları sentyabrın 10-da başlayacaq. İlk turlar sentyabrın 11-də keçiriləcək. Partiyalar "Fairmont" otelində oynanılacaq.