Hikmət Babaoğlu: “Seçkilərin taleyini seçici faktoru həll edir” MÜNASİBƏT

1 Sentyabr 2015 14:22 (UTC+04:00)

"Müxalifət kimi səciyyələndirdiyimiz radikal qruplaşmalar siyasi prosesləri düzgün dərk edib qiymətləndirə bilmirlər. Ona görə də istər gündəlik siyasi prosesləri, istərsə də müxtəlif regional və beynəlxalq təşkilatların fəaliyyətini proqnozlaşdırarkən ciddi xətalara yol verirlər". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bəzi müxalifət nümayəndələrinin beynəlxalq təşkilatların ölkəmizdə keçiriləcək parlament seçkilərində müşahidəçi qismində qatılmayacaqlarına dair səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.

Hikmət Babaoğlu qeyd edib ki, bu kimi fikirlərlə müxalifət nəticə etibarilə siyasi sistemin autsayderlərinə çevrilir: "Hər zaman yanlış düşüncə, yanlış yanaşma səhv nəticələrə gətirib çıxarır. Başa düşmək lazımdır ki, istənilən demokratik cəmiyyətdə seçkilərin də, siyasi partiyaların da taleyini həll edən yeganə faktor seçici faktorudur. Bu, Azərbaycanda da belədir. Tutaq ki, Avropa Şurası seçkini müşahidə etməkdən imtina edəydi onda nə olacaqdı ki? Yəni, Azərbaycanın milli demokratiyası yenə də heç nə itirməyəcək, yenə də xalq öz səsəvermə hüququnu reallaşdıracaq və onun nəticəsini tanıyacaqdı. Seçki və demokratiya bəhanəsilə heç bir manipulyasiya etmək mümkün olmayacaqdı. Çünki Azərbaycanın oturuşmuş, özünəməxsus siyasi sistemi var və bu Azərbaycan xalqının siyasi iradəsi tərəfindən dəstəklənir. Bu reallıq onu istəyənlər və istəməyənlər tərəfindən qəbul edilməlidir. Ona görə ki, bunu xalq qəbul edir. Demokratiya da elə budur. Yəni xalqın konkret dəyərləri mənimsəməsi və qəbul etməsidir. Elə buna görə də nə bəzi Avropa təşkilatları, nə də ölkədaxili qruplaşmalar milli iradə ilə manipuliyasiya edə bilmirlər. Avropa Şurası da, digər təşkilatlarda da bunu yaxşı bilirlər və nəzərə almaq məcburiyyətində qalırlar".

İntizarə Məmmədova