Azay Quliyev məzunları təbrik etdi FOTOLAR

1 Sentyabr 2015 13:20 (UTC+04:00)

Millət vəkili Azay Quliyev Şirvanda bu il ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlara həsr olunan tədbirdə onları təbrik edib. SİA-nın məlumatına görə, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun təşəbbüsü ilə keçirilən məzun törənində millət vəkili qeyd edib ki, Şirvan şəhərindən 36 məzunun 500-dən və 34 məzunun isə 600-dən çox bal toplayaraq Respublikanın aparıcı universitetlərinə qəbul olunması çox sevindirici haldır və bu uğurlar cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir.

A.Quliyev həmçinin başda məzunlar olmaqla əldə edilmiş uğurlarda payı olan hər kəsi- müəllimləri, məktəb direktorlarını, valideynləri təbrik edib və onlara belə yüksək nəticələr göstərdiklərinə görə təşəkkür edib. O, 600-dən çox bal toplamış 34 məzuna hədiyyələr verib və onlara universitet illərində müvəffəqiyyətlər arzulayıb.

Həmçinin millət vəkili 2014-2015-ci təhsil ilində əldə etdikləri nailiyyətlərə görə 16 nömrəli məktəbin direktoru Çingiz Şirəliyevə və 18 saylı məktəbin direktoru İsmayıl Yusubova təşəkkürnamə və hədiyyələr təqdim edib.

Sonra Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov 500-dən çox bal toplamış 36 məzuna hədiyyələr təqdim edib və onları təbrik edib.

Tədbir tanınmış müğənnilərin iştirak etdiyi konsert proqramı ilə davam edib.