Akademik Milli Dram Teatrında yeni təyinat

1 Sentyabr 2015 10:14 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayan və dolğun fəaliyyəti ilə milli sərvətə çevrilən Azərbaycan teatrının daha da inkişaf etdirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması sahəsində islahatlar davam etdirilir.

Bu aparılan islahatlar çərçivəsində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, professor Azərpaşa Zəfər oğlu Nemətov Akademik Milli Dram Teatrın yeni təsis olunmuş bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.

Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev tərəfindən Azərpaşa Nemətov yeni vəzifəyə təyinatı münasibətilə teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edilmiş və teatrın yaradıcılıq fəaliyyətinin növbəti mərhələsində uğurlar arzulayıb.

Xatırladırıq ki, Azərpaşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuş və 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov, uzun illər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub və məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləməyə başlayıb. Onun hazırladığı diplom işi "Qardaşım klarnet çalır" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində nümayiş etdirilib. 1972-ci ildə Gənc Tamaşaçılar teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərən A.Nemətov 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor (1983-1990) vəzifələrində çalışıb.

1990-cı aprel ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlamışdır. Onun "Ah, Paris, Paris!.." (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Hamlet" (Uilyam Şekspir), "Boy çiçəyi" (İlyas Əfəndiyev),"Şah Qacar" (Əli Əmirli) tamaşaları teatrsevərlərin böyük rəğbətini qazanmışdır.

Azərpaşa Nemətov Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.