Hamının ürəyincə olan qastrol
Dəyərli ziyalı, gözəl insan, çox istedadlı şair, yüksək peşəkar natiq, böyük şəxsiyyət, Xalq şairi Zəlimxan Yaqub mənim cavanlıq dostumdur. Sonralar bu dostluq kirvəliyə də çevrildi. Belə ki, Zəlimxan mənim oğlum Elnurun kirvəsi oldu. Aramızda cəmi iki ay yaş fərqi var. Bu il hər ikimizin 65 yaşımız tamam oldu. Hələ cavanlıq illərindən arzumuz onunla bir neçə tamaşa hazırlamaq idi. Amma biz yalnız bu tamaşalardan birini reallaşdıra bildik. Burada əlbəttə ki, günahkar yalnız özümü bilirəm. Çünki onu bu işə mən həvəsləndirməliydim. Bələ ki, Zəlimxan Yaqubun təkcə poemalarında yox, həm də şeirlərinin çoxunda dramatik, konfliktlər olan notlar az deyil və biz onların əsasında pyeslər işləyə bilərdik. Hələ ki, biz yalnız onun yazdığı "Aşıq Ələsgər" pyesinə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında 1986-cı ildə quruluş vermişik.
.jpg)
Bu tamaşa və onun uğurlu qastrol səfəri haqqında mən "Sərhədsiz dünyamız" kitabımda ətraflı yazmışam. Kitabı artıq tamamlamışam və maliyyə imkanım olsa tezliklə çap etdirəcəm. Həmin kitabdan "Hamının ürəyincə olan qastrol" fəslini oxuculara təqdim eləyirəm. Qoy bu yazım, dostum Zəlimxan Yaqubun 65 illik yubileyinə töhfə və Zəlimxan yaradıcılığının tədqiqatçılarına lazım olan dəyərli bir material, məlumat olsun.
.jpg)
… 1986-cı ilin aprel ayında Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Teatrında təhvil verdiyim, Xalq şairi Zəlimxan Yaqubun "Aşıq Ələsgər" tamaşası, böyük ziyalı, dünya şöhrətli alim Xudu Məmmədovun təbirincə desək, Qarabağçün bir hadisəyə çevrilmişdi. Biz Zəlimxan Yaqubun vasitəsi ilə ilk dəfə olaraq, klassik şairimiz, aşığımız Aşıq Ələsgəri səhnəyə gətirmişdik. Müəlliflə birlikdə onun keşməkeşli və əzablı həyat yolunun maraqlı səhnə yozumunu tapmışdıq. Həmin vaxt baxmayaraq ki, Zəlimxan Yaqub hələ javan idi və cəmi 36 yaşı vardı, amma artıq hamı tərəfindən sevilir, ustad şair kimi qəbul olunur və hər çıxışı da maraqla qarşılanırdı. Çünki Allah vergisi olan bu insanda böyük söz ehtiyatı və tamaşaçını çox asanlıqla ələ almaq, öz ardınja aparmaq istedadı vardı. Özü də maraqlı saz çalır və pəsdən, çox şirin səslə oxumağı da bacarırdı. Baxmayaraq ki, biz Zəlimxan Yaqubla 1971-ci ildən tanış idik. Hər ikimiz də eyni yaşda idik və arada "Yazıçı" nəşriyyatında, "Ədəbiyyat və incəsənət" qəzetində görüşüb, maraqlı söhbətlər edirdik. Amma "Aşıq Ələsgər" tamaşasının məşqləri zamanı bizim Zəlimxanla münasibətimiz daha da yaxınlaşdı. Dostluğumuz başladı və hətta yuxarıda yazdığım kimi, o, mənim oğlumun kirvəsi oldu.
.jpg)
Zəlimxan Yaqub, tamaşanın məşqlərində mənə çox köməklik eləyir və aşıq sənətini daha yaxşı öyrənməyimçün bu qədim el sənəti ilə bağlı bilmədiyim maraqlı və hətta heç yerdə yazılmamış fikirləri də mənə danışırdı. Açığı əvvəllər bu sənəti yaxşı bilmədiyimə görə, aşıq sənətinə adi bir sahə kimi baxırdım. Elə kollektivdə də aktyorların çoxu bu sənəti dərindən bilmirdilər. Ona görə də Zəlimxanın hər söhbəti bizimçün maraqlı olurdu…
Beləliklə, bir saat yarım və fasiləsiz oynanılan bu tamaşa, tamaşaçılarda, Qarabağ bölgəsində böyük maraq yaratmışdı. Bakıdan bu bölgənin tanınmış ziyalıları, alimləri gəlib bu tamaşaya baxırdılar. Hər tamaşa da anşlaqla keçirdi. Aşıq Ələsgər rolunu da istedadlı aktyor Nazir Rüstəmov maraqla ifa edirdi. Ümumiyyətlə bu tamaşada maraqlı bir ansambl yaranmışdı və hətta mən özüm də Qoca aşıq rolunda çıxış edirdim. Tamaşa haqqında respublika mətbuatında maraqlı ressenziyalar çap olunduğundan və bu tamaşa haqqında maraqlı fikirlər hətta Gürcüstan respublikasına da gedib çıxdığından, bizi israrla Borçalıya qastrola dəvət elədilər. Ələbəttə, teatrın kollektivi heç vaxt Gürcüstanda olmamışdı. Orada yaşayan həmvətənlərimizlə bu ilk görüşə getmək hamı üçün maraqlı idi.
Beləliklə, 1986-cı ilin may ayının əvvəlində biz Zəlimxan Yaqubun "Aşıq Ələsgər" tamaşası ilə Borçalı bölgəsinə qastrola getdik. Teatrın qastrolla bağlı işlərinə rəhbərliyi direktor Eyvaz Əliyev bütövlükdə mənə həvalə eləmişdi. Yəni bu, teatrın quruluşçu rejissoru kimi mənim boynuma qoyulan çox cavabdehli iş idi. Həmin qastrola Zəlimxan Yaqub da bizimlə birlikdə getdi. Zəlimxan Yaquba Gürcüstanda yaşayan azərbaycanlıların necə böyük hörmət elədiyini, onu necə sevdiyini, onunla qürur duyduqlarını hər addımda hiss edirdik və görürdük.
Bu tamaşa ilə ilk çıxışımız Marneuli rayonundan başladı. Bizi Şaumyan qəsəbəsindəki mehmanxanada yerləşdirdilər. Bu qəsəbədə əsasən ermənilər yaşayırdı. Burada qastrolun təşkilinə və hər işlərə həmin bölgənin tanınmış ağsaqqallarından, ziyalılarından biri, Gürüstanda böyük hörmət sahidi olan Allahverdi müəllim rəhbərlik edirdi. Elə ilk çıxışımızdan başlayaraq, Zəlimxan Yaqub əvvəl özü səhnəyə çıxır, aşıq sənətindən, aşıq Ələsgərdən danışır, maraqlı şeirlər deyir və hətta yeri gələndə saz da çalırdı. Onu hamı böyük maraqla dinləyir və sürəkli alqışlarla qarşılayırdı. Onun bu gözəl çıxışı da tamaşaya böyük maraq yaradır və tamaşaçı ilə aktyorlar arasında maraqlı bir korpü olurdu. Marneuli rayonunda hər çıxışımız tamaşaçıların böyük marağı ilə qarşılanır və tamaşalardan sonra gecə saat 3-4-ə qədər böyük banketlər, ziyafət məjlisləri olur və bu məjlislər özü də maraqlı bir tamaşaya çevrilirdi. Çünki Zəlimxan Yaqubun və bizim çıxışlarımız, həmin məclisə toplaşanların marağına, sevincinə səbəb olurdu. Marneulidə biz məşhur aşıqlar, aşıq Əhməd və aşıq Məhəmməd Sadaxlıların yaşadıqları Sadaxlı kəndində çıxış eləyən vaxt bu tamaşa daha yaxşı qarşılandı. Sadaxlı çox böyük kənd olduğuna görə və həmin kəndin adamlarının tələbi, istəyilə biz orada iki dəfə çıxış eləyəsi olduq. Sonra bizim çıxışlarımız Zəlimxan Yaqubun doğulduğu Bolnisi rayonunda davam elədi. Biz oradakı mehmanxanada yerləşdik. Həmin vaxt rayonun ikinci katibi azərbaycanlı idi. Amma burada işlərimizə əsasən Borçalı bölgəsinin sayılıb-seçilən ziyalı ağsaqqalları Rəşid Acalov, Zəlimxanın atası Yaqub müəllim və əmisi, məktəb direktoru Rəşid Yaqubov daha çox köməklik edirdilər. Hətta onlar bir neçə dəfə biz Marneulu rayonunda çıxış eləyən vaxtı gəlib tamaşalara da baxmışdılar. Zəlimxan Yaqubun doğulduğu Kəpənəkçi kəndi həmin bölgədə ən böyük kənd olduğundan biz orada üç dəfə tamaşa oynamalı olduq. Hər bir tamaşamız da böyük maraqla qarşılandı. Bu kəndin insanlarının isə Zəlimxanla necə öyündüklərinin, qürrələndiklərinin, onu necə sevdiklərinin, onunla fəxr elədiklərinin, onun gələcəyinə necə böyük ümidlə baxdıqlarının hər an şahidi olurduq. Mənə elə gəlir ki, bu da hər bir yazıçı, şair, sənət adamı üçün ən böyük mükafatdır və hər sənət adamına qismət olmur. Bəli. Zəlimxan Yaqub özünü lap cavan yaşlarından maraqlı şair və natiq kimi sübut eləmişdi. İndi də artıq bu tamaşa ilə maraqlı dramaturq kimi sübut eləyib, doğulduğu kəndin insanları qarşısında imtahan verirdi. Bu imtahandan da o, əla qiymət alırdı. Çünki tamaşanın gedişi vaxtı kənd camaatı hər epizodu sürəkli alqışlarla qarşılayırdılar.
Bolnisi rayonunun hər kəndində bu tamaşa Rəşid Yaqubovun rəhbərliyi ilə yüksək səviyyədə keçirdi. Rəşid müəllim özü alman dili müəllimi olsa da, Azərbaycan ədəbiyyatını, incəsənətini mükəmməl bilirdi. Uzun illər məktəb direktoru, kənd sovetinin sədri vəzifələrində işləmişdi və bu bölgədə böyük hörməti olan insan idi. Hətta tale elə gətirdi ki, Rəşid Yaqubov dünyasını dəyişəndən sonra oğlu İlqarın vasitəsi ilə, mən onun həyatını yaxından öyrənib, haqqında "İşıqlı yol gösətərən insan" adlı maraqlı bir elegiya da yazdım. Bu elegiya bir neçə qəzetlərdə də çap olundu. İndi də çapa hazırlanan "Anamın nağılı" kitabımda çap olunajaq.
Yuxarıda yazdığım kimi, biz artıq həmin vaxtı Zəlimxan Yaqubla kirvə idik. Gürüstanda da kirvə daha böyük hörmətlə qarşılanır. Hətta Rəşid Acalov, Yaqub müəllim və Rəşid müəllim başda olmaqla bir qrup ziyalı bizi orada olan pirə aparıb, əllərimizi çərtdilər ki, gələcək dostluğumuzçün biz qanımızı qanımıza sürtək. Baxmayaraq ki, biz Zəlimxan Yaqubla demək olar ki, 1971-72-ci illərdən tanış idik, amma Ağdam teatrındakı müştərək işimizdən sonra onunla dostluğumuz yarandı.
Sonra "Aşıq Ələsgər" tamaşa ilə bağlı bizim çıxışlarımız Dmanisi və Qardabani rayonlarında, Tiflis, Rustavi şəhərində oldu. Hər çıxışımız da maraqlı bir hadisəyə çevrilirdi. Qarayazıda (Qardabani) oynadığımız tamaşaların hər biri sensasiya kimi qarşılanırdı.
Gürcüstan respublikasında qastrolda olduğumuz müddətdə mən azərbaycanlıların bir-birinə necə mehriban olduğunun, hamısının da yumruq kimi bir olduğunun hər an şahidi olurdum.
"İnsanlar bir-birini yol yoldaşı olanda daha yaxından tanıyır" maraqlı məsəlınə inansaq, bir aya qədər davam eləyən bu qatrolda, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının kollektivinin mənə inamı daha çox artdı. Hamı artıq mənim teatrın rəhbəri olmağımı istəyirdi. Mən də 1985-ci ildən təyinatla bu teatra quruluşçu rejissor işləməyə gəlmişdim və artıq bu bir ildə onlarla qaynayıb-qarışmışdım. Bu müddətdə artıq altı tamaşaya da biri-birindən maraqlı quruluşlar vermişdim. Teatrın kollektivlə bağlı yeni pyeslər seçib, onları hazırlamağı fikirləşirdim, planlaşdırırdım.
Çox əfsus ki, Zəlimxan Yaqub daha pyes yazmadı. Amma istəsəydi bir-birindən maraqlı pyeslər yaza bilərdi. Lakin onun yazdığı poemaların, şeirlərin çoxunu pyes kimi işləmək olar. Buna görə şair və rejissorun müştərək işi lazımdır. Təki Böyük Yaradan imkan versin ki, həmin poemalardan bir-ikisini biz onunla yeni pyeslər kimi işləuə bilək.
Hətta həmin vaxtlar onunla bir neçə pyesin mövzularını fikirləşmişdik. O, bu pyesləri yazmağa söz də vermişdi. Onlardan birinin "Cavidin qız balası" adlı pyesinin ilk variantını da işləmişdi. Amma həmin vaxtlar Qarabağda müharibənin başlaması işimizi yarımçıq qoydu. Dəyərli ziyalı, maraqlı alim, teatr sənətinin vurğunu Sadıq Murtuzayevin bu rayonun birinci katibi vəzifəsindən Abşeron rayonunun birinci katibliyinə dəyişilməsi və onun yerinə gələn Aydın Quliyevlə bizim dil tapa bilməmyimiz də işə mane oldu. Ona görə də mən, 1989-cu ilin yanvar ayından Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının direktoru-bədii rəhbəri vəzifələrinə dəyişiləndən sonra biz həmin pyesi Sumqayıt teatrında işləmək istədik. Amma mənim səhlənkarlığımdan, vaxtımın çoxunu teatrın quruculuğuna sərf elədiyimdən, teatrı Dram janrından, Musiqili-Dram janrına keçirməyimizdən, orkestr, balet truppası yaratamağa daha çox vaxt sərf elədiyimdən və Zəlimxan Yaqub da əsas işini şeirlər, poemalar, publisist yazılar yazmağa və Millət vəkili kimi insanların problemlərinin həll olunmasına sərf elədyindən, biz "Cavidin qız balası" pyesini tamamlaya bilmədik. Bir daha deyirəm. Bu işdə əsas günahkar mən özümü görürəm. Əgər belə olmasaydı, onda Xalq şairi Zəlimxan Yaqub ədəbiyyat tarixində təkcə şair, yüksək peşəkar natiq kimi yox, həm də maraqlı dramaturq kimi qala bilərdi. Çünki "Aşıq Ələsgər" pyesilə o, sübut eləmişdi ki, dramaturgiya canrını mükəmməl bilir, maraqlı konfliktlər, gözəl dialoqlar qura bilir. Sözləri də çox axıjı və taşaçını maraqlandırmaq güjünə, öz ardınja aparmaq qüdrətinə malikdir.
Daxilimdə bir inam var ki, biz onunla yenidən dramaturciya canrına qayıdajağıq. Çünki onun poemalarını yenidən oxuyur və özümçün qeydlər eləyirəm…
Ağalar İDRİSOĞLU,
Yazıçı-rejissor, Əməkdar İncəsənət Xadimi