Aydın Mirzəzadə: "Əli Kərimli möcüzə gözləyir" AÇIQLAMA

28 Avqust 2015 13:00 (UTC+04:00)

"Son dövrlər daha çox AXCP üzvü Razi Nurullayevin təşkilatına qoşulmağa başlayıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə son zamanlar AXCP-də baş verən hadisələrə münasibət bildirərkən deyib.

O, AXCP-də baş verən son proseslərin əslində müxalifətin ümumi böhranının göstəricisi olduğunu qeyd edib: "Hazırda müxalifət dərin böhran keçirir. Apardıqları radikal siyasət, cəmiyyətə zidd milli mövqe öz nəticəsini göstərir. AXCP-nin müəyyən bir qrupu partiya rəhbərliyinə qarşı çıxaraq Əli Kərimli və onun tərəfdaşlarını hakimiyyətdən uzaqlaşdırmaq, partiyanı sağlamlaşdırmaq hərəkatı başladıblar. Görünən nəticə odur ki, son dövrlərdə daha çox AXCP üzvü Razi Nurullayevin təşkilatına qoşulmağa başlayıb. Əli Kərimli susmağa üstünlük versə də, onun təşviş içərisində olduğu və partiyaya nəzarəti itirdiyi göz qabağındadır. Yəqin o ya möcüzə baş verməsini gözləyir, ya da xaricdən müəyyən dairələrin məsələyə qarışaraq Razi Nurullayevi ona qarşı mübarizədən çəkindirməyə çalışacağına güvənir. Ancaq fakt göz qarşısındadır. Əli Kərimlinin mövqeyi ilə bu gün siyasətdə yer tutmaq mümkün deyil".