ATU klinikasında böyrək transplantasiyası həyata keçirilib FOTOLAR

27 Avqust 2015 09:58 (UTC+04:00)

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilib. ATU-dan SİA-ya verilən xəbərə görə, 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürülüb. Övladına 2-ci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilib. Hal- hazırda donorun (ana) və xəstənin (oğul) ümumi vəziyyəti qənaətbəxşdir. Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başcılığı ilə klinikanın baş həkimi dos.Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak edib. İstanbul Bilim Universitetinin professoru Barış Akın ATU-da icra edilən bu ilk orqan köçürülməsi əməliyyatında yaxından iştirak edərək dəstək olub

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olmuş, hər ikisinə şəfa diləyərək tezliklə sağalıb yaxınlarına qovuşmalarını arzulayıb.

Qeyd etmək lazımdır ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı tibb müəssisəsidir.