İspaniyada öküz döyüşlərinə qarşı ETİRAZ

24 Avqust 2015 12:48 (UTC+04:00)

İspaniyanın paytaxtı Madridin San Sebastian de los Reyes əyalətində başlayan öküz döyüşü festivalına heyvanların hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən etiraz edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İspaniyada bu il keçirilən öküz güləşi festivallarında baş verən ölümlərlə bağlı təhlükəsizlik müzakirələrinin aparıldığı bir vaxtda yenidən təşkil edilən festivalla bağlı heyvansever təşkilatlar etiraz aksiyası keçirib. Mahalda toplanan bir qrup heyvansevər, sabah başlayacaq öküz güləşi və festivalına qarşı şəhər mərkəzində "Xalq bayramları heyvanlara qarşı pis rəftar edilmədən keçirilməlidir" yazılı pankartlarla yürüyüş keçiriblər. Təxminən 2 saat davam edən nümayiş münaqişəsiz başa çatıb. İspaniyanın Pamplona şəhərindəki "San Fermin" festivalından sonra insanların öküzlərlə küçələrdə qaçdığı ən böyük ikinci festival olan "San Sebastian de los Reyes"ə təhlükəsizliklə bağlı bu il yeni qaydalar gətirilib. Bu vaxta qədər səhər 08:00 –da start verilən qaçışlar saat 11:00-a keçirilib, təhlükəsizlik qüvvələrinin sayı isə artırılıb.

Qeyd edək ki, İspaniyada bu yay boyunca keçirilən öküz festivallarında bu günə qədər 10 nəfər öküzlərin buynuz zərbəsi nəticəsində həyatını itirib.