Turizmin ölkənin sosial-iqtsadi həyatındakı rolundan əlavə, onun dünyadakı siyasi mövqeyinin möhkəmləndirilməsində də mühüm əhəmiyyəti var. Turizmi inkişaf etdirmək, ölkəyə turistləri cəlb etmək, xüsusilə, öz müstəqilliyini yeni qurmuş, gənc dövlətlər üçün olduqca vacib amildir. Beynəlxalq turizmin inkişaf etdirilməsi, turist axınına nail olunması ilə iqtisadi yüksəliş və sosial səmərədən əlavə, həmin ərazi haqqında yüksək imic formalaşdırmaq, məlumat da yaymaq mümkündür. Məhz bununla hər bir ölkə dünyada özünü tanıtdıra, təbliğ edə bilir. Bundan başqa əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də turizmin rolu böyükdür. Ümumiyyətlə, turizm fəaliyyəti sosial-mədəni sahələrə aid olub, insanların ən mühüm rekreasiya-mənəvi tələbatlarının ödənilməsi ilə xarakterizə olunur.
Ölkəyə gələn turistlərin sayı qaneedici səviyyədə deyil

Azərbaycanda turizm xidməti üçün çox əlverişli şərait var. Bu da Azərbaycanın yerləşdiyi coğrafi mövqeyindən, iqlimindən, landşaftından, iqtisadi imkanlarından və dünya standartlarına cavab verəcək turizm obyektlərinin mövcudluğundan irəli gəlir. Ölkəmizdə mineral suların, müalicəvi neftin və vulkanik palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, bura turist axınını da gücləndirə bilər. Xususi olaraq Xəzər dənizi sahilləri, Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Azərbaycanda bu sahənin inkişaf etdirilməsi üçün dövlət tərəfindən geniş imkanlar yaradılsa da, bəzən yerlərdə turistlərə xidmət yüksək səviyyədə təşkil olunmur. Ona görə də, ölkəyə gələn turistlərin sayı qaneedici səviyyədə deyil. Azərbaycanda turizm sahəsində canlanmanın müşahidə olunmamasına əsas səbəb viza rejiminin mürəkkəbliyidir. Ölkəmizə gəlmək istəyən turistlər viza almaq üçün 1-2 ay vaxt itirməli olurlar. Bu da istirahətə yollanmaq istəyənlərə heç də sərf etmir. Yaranan əngəllər turizm sektorunun inkişafına mənfi təsir göstərir və nəticə etibarı ilə Azərbaycan bundan milyonlarla manat vəsait itirir. Statistikaya nəzər salsaq görərik ki, mənzərə heç də ürəkaçan deyil.
Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5761,2 min nəfər olub. Onların 66,3%-i Azərbaycanın, 10,4%-i Rusiya, 10,1%-i Gürcüstan, 5,2%-i Türkiyə, 2,5%-i İran, 0,9%-i Ukrayna, 0,7%-i Birləşmiş Krallıq, 0,4%-i Qazaxıstan, 0,3%-i Özbəkistan, 0,3%-i Almaniya, 0,2%-i ABŞ, 0,2%-i İtaliya, 0,2%-i Belarus və 2,3%-i digər ölkələrin vətəndaşlarıdır.
Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri İngiltərə, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri ABŞ, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır. Bu dövrdə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9%, 29,1%, 15,2% və 7,5% təşkil edib.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb. Cari ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1919,2 min nəfər olub. Gördüyünüz kimi rəqəmlər hər şeyi açıq-aşkar söyləyir.
Qiymətlər od tutub yanır, amma xidmət çox aşağıdır

Ölkəyə gələnlər qalsın bir tərəfdə hələ özümüz də məzuniyyətdə, yay tətilində istirahət üçün Gürcüstana, Türkiyəyə, Ukraynaya üz tuturuq. Buna səbəb nədir? Niyə biz öz gəzməli, görməli, heyrətamiz yerlərimizdə deyil, xarici ölkələrdə istirahət etməyə üstünlük veririk? Səbəblər müxtəlifdir. Sualdan sual doğur.
Kiçik bir araşdırmaya başladıq və qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Kimisi ən başlıca səbəb kimi Azərbaycanda otellərdə xidmətə görə qiymətlərin düzgün tədbiq edilməməsindən şikayətlənir, kimisi istirahət mərkəzlərində tədbiq olunan qaydalardan narazıdır. Qiymətlər od tutub yanır amma xidmət çox aşağıdır. Deyilənlərin nə qədər real olduğunu öyrənmək üçün bir neçə turizm şirkəti ilə əlaqə saxladıq. Ölkədaxili və xarici turların qiymətlərini öyrəndik. Həmin qiymətlər aşağıdakılardır:
Antaliyanin ən seçilən otellərindən biri olan - "Orange County Resort 5* də 7 gün istirahətə 1152 manat sərf etməklə yollana bilərik.
GÜRCÜSTAN TURU - Batumi - Trabzon - Tiflis
23-30 Avqust 2015 (5 gecə - 7 gun)
Turun Qiyməti : 270 AZN
Dubay otelləri...
GULF STAR HOTEL 2*--215 AZN
SIGNATURE INN HOTEL 3*--219 AZN
WEST HOTEL 1--222 AZN
PANORAMA GRAND HOTEL 3*--225 AZN
CRYSTAL PLAZA HOTEL 2*--227 AZN
Azərbaycanın bu məkanlarında bir günlük gecələmək bizə 40-100 manat arası başa gəlir ki, bura nahar daxil deyil.
Lerik-Relax 27-37AZN naharsız
Qax-Şəki-Qəbələ 85 AZN
Qusar-Laza 25-35 AZN naharsız
Oğuz-Xal-xal-Qəbələ 25-35 AZN naharsız
Quba 22-32 AZN naharsız
Samaxi-Pirqulu 21-31AZN naharsız
İsmayıllı- Lahıc 22-32 AZN naharsız
Nabran 26-36 AZN naharsız
Vay o günə ki yanınızdakı arvadınız olmasın
.jpg)
İndi də keçək bizləri narahat edən digər səbəbə. Bölgələrdə otel və mehmanxanalarda istirahət etmək istəyən cütlüklərdən nikah haqqında şəhadətnamənin tələb olunması sizcə, nə qədər məqsədəuyğundur. Onlara otellərdə nömrə verilmədiyi qalsın bir kənarda hələ otel ətrafında səhərdən axşama qədər dövrə vuran polis də məsələyə müdaxilə edir. Vay o günə ki, yanınızdakı arvadınız olmasın. Məsələni o qədər çal-çevir edirlər ki, istirahətə gələnlərin istirahəti, sözün həqiqi mənasında burnundan gəlir.
Otel və mehmanxanalarda cütlüklərdən nikah haqqında şəhadətnamənin tələb olunmasına dair qanunvericilikdə hər hansı bir müddəa yoxdur. Bu baxımdan da mövzu ətrafında fikir ayrılığı yaranır. Otel rəhbərləri bunu sadəcə təhlükəsizlik məsələləri üçün etdiklərini dilə gətirirlər, əxlaqsızlıqla məşğul olanların qarşısını almağa hesablanmış addım kimi təqdim edirlər cəmiyyətə. Guya bunlar bu qayda ilə bir növ insan alverinə qarşı mübarizə aparmış olurlar. Bəs dünya praktikasında belə bir qayda varmı? Əgər varsa qanunla necə tənzimlənir?
Dünyanın heç bir ölkəsində belə qayda yoxdur

İran, Türkiyə, Gürcüstan, Rusiya təcrübəsində belə bir qayda tətbiq olunmur. Mehmanaxanaya gələndə özünlə nikah haqqında şəhadətnaməni gətirməyə olduqca absurd baxırlar. Çünki otel sahibi otağı icarəyə verir və gerisinə qarımağa haqqı yoxdur. Müştəri var ki, arvadı ilə, müştəri var ki, sevgilisə ilə istirahət etmək üçün otelə gedir. Bu insanlara mənəvi zərbədən başqa bir şey deyil. Kiminsə istirahət hüququna qarışmaq tamamilə yalnış fikirdir. Biz fərqinə varmasaq da dünyanın inkişaf etmiş ölkələrindən belə hallar çox gülünc görünür. Çünki Azərbaycan bir çox sahələrdə dünyanın qabaqcıl ölkələrini geridə qoyur. Turizm sahəsində də belə çatışmamazlıqları aradan qaldırsaq yaxşı olmazmı? İstirahətimizi Azərbaycanımızın səfalı guşələrində etsək, xeyri elə özümüz özümüzə versək nəyi pis olar. Təəssüf olsun ki, belə halların qarşısını almaq zaman tələb edəcək və biz yenə də xarici ölkələrə üz tutacağıq. Dəfələrlə həyəcan siqnalları çalınsa da aidiyyatı qurumlar hələ ki, tamaşaçı qismində çıxış etməyə davam edirlər.
İntizarə Məmmədova