Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür. 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.
Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.
Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib.
Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
Tarixə qısa nəzər salaq
Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim tarixə və mədəniyyətə malik diyarı olmaqla bərabər, həm də ən qədim dövlətçilik tarixi olan bir ölkəsidir. Bu ərazidə insanın məskən salması 2,5 mln. illik bir dövrü əhatə edir. Azərbaycan ərazisində tarixin bütün mərhələlərinin minilliklərlə hesablanan izi vardır.
Azərbaycan ərazisində sinifli cəmiyyətin yaranması prosesi onun şimalı ilə müqayisədə cənubunda daha erkən baş vermiş və burada ilk dövlət qurumu meydana gəlmişdir. Bu, miladdan əvvəl adı ilk dəfə Asur-Urartu mənbələrində və İncildə (Bibliyada) çəkilən Manna dövlətidir. Manna dövləti miladdan əvvəl 843-cü ildə yaranmış və miladdan əvvəl 593-cü ilə qədər mövcud olmuşdur. Bu dövlət Lullubini adlanan Böyük Zamua vilayətinin bir hissəsində olan Daxili Zamuanın ərazisində meydana gəlmişdir. Mannanın sərhədləri cənubda Diyala və Zab çaylarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə Urmiya gölünə kimi uzanırdı. Paytaxtı İzurtu şəhəri idi. Dövlətin ərazisi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünmüşdü. Miladdan əvvəl 714-cü ildə Urartu çarı I Rusanın Assur hökmdarı tərəfindən məğlub edilməsi Manna sərhədlərinin genişlənməsinə səbəb oldu. Bu dövrdə yarımmüstəqil hakimlərin ucqar torpaqları da Mannaya tabe idi.
Miladdan əvvəl 593-cü ildə Midiya dövləti, miladdan əvvəl 550-ci ildə isə Haxamanişi (Əhəməni) fars imperiyası tərəfindən işğal olunan Manna ərazisində miladdan əvvəl 321-ci ildə burada canişin olan Atropat tərəfindən yenidən müstəqil dövlət yaradıldı.
Atropatena dövlətinin ərazisi əsasən müasir Cənubi Azərbaycan, bütün Şimali Azərbaycanın qərb və cənub torpaqlarını əhatə edirdi. Ölkənin Şimal sərhədləri çox vaxt Araz çayına, şərq sərhədləri Xəzər dənizinə, cənub sərhədləri isə Əlvənd dağlarına qədər olan əraziləri özündə birləşdirirdi. Ölkənin paytaxtı Qazaka şəhəri idi. Qeyd etmək lazımdır ki, qədim və antik dövrdə bütün şərq dövlətlərində olduğu kimi, Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya və Atropatena dövlətlərinin sərhədləri müasir dövrdən fərqli olaraq daimi xarakter daşımırdı. Bunu həmin dövrlərə dair qədim mixi və digər yazılı mənbələr də təsdiq edir. Manna, Midiya və Atropatena ərazilərində kifayət qədər inkişaf etmiş şəhər həyatı mövcud olmuşdur. Bu şəhərlər əsasən hündür qala divarları ilə əhatə edilir və divarlar üzərində tikilmiş gözətçi qüllələri vasitəsi ilə mühafizə olunurdu. Atropatenada Vera, Qaleye-Sasan, Qaleye-Navduz, Ərdəbil şəhərindən 30 km şimal-qərbdə Qala və s. istehkamlar da var idi. Atropatena orta fars (pəhləvi) abidələrində Adurbadağan ("odun himayəsində olan ölkə") adlanır. Miladdan sonra 226-cı ildə Atropatena İranda hakimiyyəti ələ keçirmiş Sasanilər tərəfindən işğal edilir və onun əyalətlərindən birinə çevrilir. Atropatena Sasani imperiyasının "İran olmayan" 27 ölkəsindən biri idi. Sasani hökmdarı I Xosrov Ənuşirəvanın 552-ci ildə imperiya ərazisində apardığı ərazi-inzibati islahatı nəticəsində Adurbadağan (Azərbaycan) dövlətin 4 iri canişinliyindən (kustundan) birinə çevrildi. Azərbaycan kustu adlanan bu kusta indiki Cənubi və Şimali Azərbaycan əraziləri də daxil idi. Bu dövrdə Azərbaycanın bir vilayət kimi hüdudları şimalda Dərbənd şəhərinə, cənubda Zəncan şəhəri və Dilavər düzünə qədər uzanır, Xilvan düzü və Şəhrəzurdan keçərək, qərbdə Dəclə çayına qovuşan əraziyə qədər çatırdı.
Azərbaycanın tarixi əraziləri içərisində Qafqaz Albaniyasının bütün əraziləri xüsusi yer tutur. Yunan alimləri Herodotun (miladdan əvvəl 480-425) "Tarix", Strabonun (miladdan əvvəl 64- miladdan sonra 24) "Coğrafiya", Böyük Pilinin (23-79) "Təbiət tarixi", Plutarxın (45-127) "Paralel tərcümeyi-hallar", Pomponi Melanın (I əsrin I yarısı) "Yerin təsviri", digər antik və ilk orta əsr müəlliflərinin əsərlərində bu ərazilər haqqında məlumatlar geniş şəkildə verilir. Bu mənbələrə görə, Qafqaz Albaniyası Qafqaz sıra dağlarının şimal-şərq ətəklərindən Kiçik Qafqaz dağları və Araz çayına, Qabırlı çayından Xəzər dənizinə qədər olan sahələri, Mil və Muğan düzlərini əhatə edirdi. Onun şimal sərhədləri Böyük Qafqaza, Samur sıra dağlarının şimal ətəklərinə, şimal-qərbdə İori və Alazan çaylarının yuxarı axarına, şimal-şərqdə isə müasir Dərbəndin şimalına qədər gedib çatırdı. Dövlətin cənub sərhədləri əksər vaxtlarda (I-VII əsrlərdə) Araz çayı boyunca uzanmış və cənub-şərqdə Kaspianiananın cənub tərəfindən keçmişdir. Miladdan əvvəl II-I əsrlərdə Albaniyanın bütün sərhədləri sabit qalsa da, cənub-şərqdə sərhədlər daralır. Sonrakı dövrlərdə Qafqaz Albaniyasının sərhədləri yenidən əvvəlki kimi bərqərar olur və dövlətin süqutuna kimi əsaslı dəyişikliklərə uğramır. Antik dövrdə və ilk orta əsrlərdə Şimali Azərbaycan torpaqlarında (Naxçıvan və onunla qonşu olan əraziləri çıxmaq şərtilə) mövcud olan Albaniya dövlətinin paytaxtı əvvəlcə Qəbələ (miladdan əvvəl III – miladdan sonra IV əsr) sonra isə Kür çayının sağ sahilində yerləşən Bərdə şəhəri olmuşdur.
630-cu ildə yaranmış Ərəb Xilafəti xəlifə Ömərin dövründə geniş miqyaslı işğalçı müharibələrə başladı. 637-ci ildə Sasani imperiyası ərazilərinə hücum edən ərəblər Ktesifon (Mədain) döyüşündə sasanilərə qalib gəldilər. 637-705-ci illər ərzində ərəblər Azərbaycanın da daxil olduğu Sasani imperiyası ərazilərini işğal edərək, onu xilafətin əyalətlərindən birinə çevirdilər. Ərəb işğalından sonra Qafqaz bölgəsindəki ölkələrin tarixi-coğrafi ərazi bütövlüyü saxlanılsa da, onlar inzibati cəhətdən dəyişikliyə uğradılar. İlk vaxtlarda bütün Azərbaycan ərazisi gənc Ərəb xilafətinin 5 vilayətindən birini təşkil edirdi.
***
Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.
1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusi ilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi.
Bu dövrdə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğuların bir hissəsi dağıdılmış, hərbi texnika və digər vasitələr yararsız hala salınmışdı. Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 km sahəsinə nəzarət etmək də qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahları komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırdı.
Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi.
Belə bir vaxtda DSMK-nın qarşısında duran ən böyük vəzifə keçmiş Sovet hərbçilərinin tabeliyində olan hərbi hissələrin və sərhəd dəstələrinin təhvil alınması idi. Keçmiş SSRİ Sərhəd Qoşunlarının Bakı şəhərində yerləşən Əməliyyat Döyüş Şöbəsi, eləcə də hərbi hissələrin rəhbərləri isə bu prosesi uzatmağa, təxribatlar törətməyə çalışırdılar. 1992-ci ilin fevral ayının 12-də DSMK-nın Mühəndis Tikinti İdarəsinin, "Bakı" Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin, Neftçala Təlim Mərkəzinin, Gözətçi Gəmilər Briqadasının və "Yalama" Nəzarət Buraxılış Məntəqəsinin ştat strukturu təsdiq olundu.
Həmin ərəfədə Bakı bərəsində və hava limanında xidməti keçmiş SSRİ sərhədçiləri aparırdılar və bu, respublikadan silah-sursatın daşınmasına, xarici kəşfiyyat orqanları əməkdaşlarının ölkəmizə maneəsiz gəliş-gedişinə imkan verirdi. Bu cür halların qarşısını almaq məqsədi ilə may ayının 8-dən 9-na keçən gecə "Bakı" ƏNBM-in DSMK-nın tabeçiliyinə verilməsi təmin edildi.
DSMK-nın maddi-texniki bazasının yaradılmasında mühüm rol oynayan, silah-sursat və digər lazımi hərbi ləvazimatlarla dolu olan hərbi anbarların ələ keçirilməsi əsas məsələ kimi qarşıda dururdu. Həm də oğurluq, hərbi sursatın və əmlakın sovet sərhədçiləri tərəfindən talan edilməsi adi hal almışdı. Buna görə də hərbi anbarların ələ keçirilməsi zəruri idi və milli sərhədçilərimiz 1992-ci ilin iyul ayının 26-da əsl fədakarlıq göstərərək bu vacib hərbi obyekti öz tabeçiliklərinə keçirməyə nail oldular.
Azərbaycanın varlığını qoruyub saxlamaq üçün Sərhəd Qoşunlarını təcili formalaşdırmaq, əməliyyat şəraitinə, sərhədin mühafizəsinə nəzarət edə biləcək bir hərbi quruma çevirmək lazım idi. Sovet sərhədçilərinin milli qüvvələrlə əvəz edilməsi prosesindən aqressivləşən, əldə edilmiş sazişi pozaraq hərbi texnikanı, silah-sursatı imkan düşdükcə aradan çıxarmağa çalışan sovet sərhədçiləri şimala doğru üz tutdular. Bu istiqamətdə nəzarəti gücləndirmək zərurəti meydana çıxdı və DSMK 1992-ci ilin iyun ayının 13-də "Yalama" ƏNBM-in fəaliyyətə başlaması haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd qoşunlarımızın əsgərləri baş leytenant Elçin Quliyevin rəhbərliyi altında Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxdılar (Respublikaya gəlib-gedən maşınların sənədlərinin yoxlanılması ilə fəaliyyətə başlayan kiçik bir post sonradan inkişaf edib nizam-intizamı və dövlət sərhədinin etibarlı mühafizəsində nümunəvi xidməti ilə fərqlənən Xudat Sərhəd Dəstəsinə çevrildi).
1992-ci ilin oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməyə başladı.
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının çox ağır, çətin və mürəkkəb dövründə ictimai, siyasi, iqtisadi, mədəni həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də böyük işlər görməyə nail oldu. 1988-ci ildən etibarən avtomobil və dəmir yolu ermənilər tərəfindən bağlanan, iqtisadi blokadaya alınan, xarici aləmdən təcrid edilən muxtar respublika basqınlara və talanlara məruz qalır, sərhədyanı yaşayış məntəqələri erməni işğalçıları tərəfindən mütəmadi şəkildə atəşə tutulur, insanlar öldürülür, girov götürülürdülər. Muxtar respublikanın ərazisində olan 75-ci motoatıcı diviziyanın və 41-ci sərhəd dəstəsinin hərbçiləri isə Moskvanın siyasətinə uyğun olaraq Naxçıvanı nəinki erməni təcavüzündən qorumur, hətta bəzi hallarda ermənilərə kömək edir, yerli əhali ilə münaqişələr yaradırdılar. Belə bir vəziyyət muxtar respublikanın müdafiəsinin milli qüvvələr hesabına təşkil olunması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirdi. Heç təsadüfi deyildir ki, uzaqgörən dövlət xadimi Ali Məclisin sədri seçildikdən cəmi üç gün sonra, 1991-ci ilin sentyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradılması barədə qərar verdi. Belə bir qərar qəbul etməklə uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı.
1992-ci ilin oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu andiçmə Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Ulu Öndər sərhədçiləri təbrik edərək bu sözləri dedi: "Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim Sovet Ordusuna, Sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir…
Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından başlandığını qeyd edirik…"
1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan Dahi Öndər Heydər Əliyevin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.
Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq, Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüş və siyasi hazırlığının yüksəldilməsi ilə yanaşı, şimal və şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Azərbaycan-Rusiya sərhədində Şəki Əlahiddə Sərhəd Komendantlığı (11 iyul 1995-ci il), Azərbaycan-Gürcüstan sərhədində isə Zaqatala (3 mart 1993-cü il), Şəmkir (15 avqust 1994-cü il) Sərhəd Dəstələri yaradıldı. Qısa tarixi vaxt ərzində Sərhəd Qoşunları nəinki formalaşma prosesini başa çatdırdı, həm də təkmilləşərək respublikanın sayılıb-seçilən hərbi qurumlarından birinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı. 2005-ci ilin fevral ayının 18-də cənab Prezidentin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli inkişaf etdirildi, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edildi, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırıldı.
2005-ci ilin dekabr ayının 27-də "Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı" təsdiq edildi.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.