Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Xidmətin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor İlham Mehdiyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edib. Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıb, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirib.
Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq- sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.








