Biri vardı, biri yoxu,
yoxu sənin varı mənim.
Azərbaycan torpaqları
əzəlindən parçalandı
yarı sənin, yarı mənim.
Bu nə paydı, bu nə bölüm?
Bu nə dərddir, bu nə zülüm?
Nə vaxtacan dözməliyik
dəhşətlərə, zülümlərə?
Nə qədər göz yummalıyıq
bu cür haqsız bölümlərə?
Xan Qazanım, bir baş qaldır
çat düşmənin üstünə sən!
Oyan Çoban!
Əyil yerdən bir daş qaldır
qoy sapanda at düşmənin üstünə sən.
Qana qan vaxtı çatıb,
Gəl düşmənin iç qanını.
Cana can vaxtı çatıb
Bir cana al üç canını,
beş canını,
on canını.
Çıx düşmənin axırına,
Al düşmənin son canını.
Ər igidlər!
Nər igidlər!
Sinəsi sipər igidlər!
Haydı, haydı irəliyə,
Xəbər salaq Koroğluya,
Yeddi yüz yetmiş dəliyə.
Koroğludan Nəbiyəcən,
Kiçiyindən böyüyəcən,
Ağıllıdan dəliyəcən,
Son nəfəsdə ölənəcən,
Gedəyin düşmən üstünə,
Sinə gərək boran qara,
gedək duman çən üstünə.
Azad edək özümüzü
başımızdan dırnağacan,
Geri alaq torpağımı
kiçik təpədən dağacan,
bircə ovuc torpağacan.
Geri alaq, azad edək,
Yurdu batmış elimizi
biz şad edək,
abad edək.
Çiçəklənsin hər dağ-dərə,
Minalanmış torpaqlarım
olsun gözəl bir mənzərə
Rahat edək!
Azad olsun torpağımız,
Toy eyləyək o torpaqda.
Dalğalansın bayrağımız,
Qoy ucalsın Qarabağda.
Od vurdular, taladılar,
Elim, obam qaldı viran.
Sinəndə od qaladılar,
Nələr çəkdin Azərbaycan!?
Anam, bacım yoldu saçın,
Tapdandı qürur şərəfim.
Əldən getdi Şuşa, Laçın
Düşmən oldu hər tərəfim.
Amansızca qətl edildi,
Neçə körpə, neçə yaşlı.
Yad ellərdə əsir qaldı,
Neçə-neçə qələm qaşlı.
Ana öldü bala qaldı,
Bala öldü ana qaldı.
Gəlin öldü bətnindəki körpəsiylə
Ürək yana-yana qaldı.
Od vurdular, taladılar,
Elim, obam qaldı viran.
Sinəndə od qaladılar,
Odlar yurdum, Azərbaycan!
Saleh Seyfullayev