Dillər əzbəri olan, adına mahnılar bəstələnən şəfalı "Badamlı" mineral bulağı Naxçıvan Muxtar Respublikasının çoxsaylı təbii sərvətlərindən biri kimi həmişə diqqəti cəlb edib. İsti yay günlərində isə bu təbiət möcüzəsi olan şəfalı suyun dadından doymaq olmur. Mineral bulaq ötən əsrin ortalarında aşkar olunub. 1947-ci ildə kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilib, Almaniya və Çexoslovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla, istehsal gücü daha da artırılıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olub. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələr kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açıb.
Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması "Badamlı" mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. "Gəmiqaya Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın SİDEL şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət edilir. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, "Badamlı" mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Zavodda tələbata uyğun olaraq 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız su buraxılır. Ümumilikdə, cari ilin ötən dövründə 1 milyon 452 min 700 ədəd su istehsal edilib, 392 min 200 ədədi muxtar respublika ərazisində, 1 milyon 17 min ədədi Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılıb.
"Badamlı" mineral süfrə suyunun muxtar respublika ərazisində satışı "Gəmiqaya Bərəkət Bazarlama" MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılır. Həmçinin Avropa ölkələrində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılıb.
"Gəmiqaya Mineral Sular" MMC-də bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə qurulub. "Badamlı" mineral suyunun xarici ölkələrə ixrac olunması cari ildə də diqqət mərkəzində saxlanılıb, bağlanmış müqaviləyə əsasən, 43 min 500 ədəd mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilib.
"Gəmiqaya Mineral Sular" MMC-nin iqtisadi əlaqələri daha da genişləndirilib, cari ilin ötən dövründə istehsal edilən "Badamlı" mineral süfrə suyunun 27 faizi muxtar respublika ərazisində, 70 faizi Bakı şəhərində və müxtəlif regionlarda satışa çıxarılıb, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunub. Mineral suyun digər xarici ölkələrə ixrac olunması istiqamətində işlər davam etdirilir.
Bu qiymətli təbii sərvətimizin mineral sular ixracatçısı olan Rusiya bazarına çıxarılması biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən "Badamlı" təbii mineral süfrə suyunun xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi onun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə əlaqədardır.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu