22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 140 il öncə, 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı oldu, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadı. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi.
1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.
Ümumilikdə, Ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.
Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev hazırda jurnalistlər üçün inşa edilən növbəti binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə "Jurnalistlərin dostu" seçilib.
2015-ci ilin mayın 2-də isə Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.