Salyanda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının 22-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbər işçiləri, idarə, müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclərin təmsilçilərinin iştirak etdiyi yığıncaqda YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov partiyanın rayon təşkilatının yaranmasının 22-ci ildönümü ilə bağlı məruzə edib.
Bildirilib ki, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Azərbaycanda anarxiya, özbaşınalıq hökm sürürdü. Belə bir vaxtda - 1992-ci ilin noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması xalqın böyük sevinc və fərəhinə səbəb oldu. Xalq əmin idi ki, görkəmli dövlət xadiminin yaratdığı partiya tezliklə iqtidar partiyasına çevriləcək və Azərbaycan dövlətini bütün bəlalardan qoruyaraq inkişaf və tərəqqiyə çıxaracaq. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası təsis edildikdən sonra bölgələrdə, o cümlədən Salyanda da YAP-ın ilk özəkləri formalaşdı və 1993-cü ilin iyulun 17-də partiyanın rayon təşkilatı yaradıldı.
Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək bildirib ki, Ulu Öndər qısa zaman kəsiyində - 1993-2003-cü illərdə Azərbaycanı siyasi çəkişmələr girdabından qurtararaq sabit inkişaf edən bir dövlət qurdu. Son 12 ildə Heydər Əliyev strategiyası və dövlətçilik metodlarını inkişaf etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Tədbirin sonunda partiyanın bir qrup fəalına YAP rayon təşkilatının fəxri fərmanı təqdim olunub.