Milli QHT Forumu jurnalistləri təltif etdi

16 İyul 2015 17:24 (UTC+04:00)

Milli Qeyri-Hökumət Təşkilatları Forumu 22 İyul – Milli Mətbuat günü münasibəti ilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən MQF-nun prezidenti Rauf Zeyni rəhbəri olduğu qurumun KİV ilə əməkdaşlığa önəm verdiyini və bundan sonra da daha uğurlu işlər görəcəklərini qeyd edib.

Rauf Zeyni MQF-nin fəaliyyətini daim işıqlandırdıran mətbuat qurumlarına təşəkkürünü bildirərək deyib ki, bizim tədbirin əsas məqsədi qurumun fəaliyyətini mütamadi işıqlandıran KİV orqanlarını mükafatlandırmaq və təşəkkürnamələrimizi onlara çatdırmaqdır.

Daha sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Rəhimoğlu çıxış edərək Azərbaycanın milli mətbuatının yaranma tarixindən danışıb: "Həsən bəy Zərdabi tək mətbuatın əsasını qoymadı, o eyni zamanda tarixə bu sahədə ilk diplom alan ziyalı kimi düşdü. Düşünürəm ki, günü-gündən inkişaf edən ölkəmizdə mətbuata xüsusi diqqət və qayğı göstərilir".

Çıxışlardan sonra Milli QHT Forumu ölkənin bir neçə aparıcı kütləvi informasiya vasitəsi Milli Mətbuatın, QHT-lərin və Vətəndaş cəmiyyətinin inkişafında göstərdikləri xidmətə görə xüsusi təşəkkürnamə ilə təltif edib.

İntizarə Məmmədova