Fəzail Ağamalı: “Azərbaycan ciddi uğurlara imza atır” AÇIQLAMA

16 İyul 2015 16:21 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyev ölkə mətbuatına kifayət qədər ciddi önəm verir. Heç şübhəsiz ki, bu hər şeydən öncə ölkə Prezidentinin demokratik dəyərlərə vermiş olduğu yüksək dəyərin ifadəsidir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Deputatın sözlərinə görə, söz, mətbuat azadlığı demokratiyanın vacib şərti, hətta onun təməl prinsiplərindən biridir: "Ona görə də Azərbaycan dövləti demokratik cəmiyyətin qurulması prosesində tutmuş olduğu xəttə sədaqət nümayiş etdirərək, bu sahədə ciddi uğurlara imza atır. Bu baxımdan mətbuat birmənalı olaraq hər zaman ölkə başçısının diqqət mərkəzində olub. Bunun üçün dövlət başçısının imzalamış olduğu sərəncamların statistikasına və mahiyyətinə diqqət yetirmək kifayətdir".

F. Ağamalı əlavə edib ki, mətbuatı stimullaşdırmaq, onun inkişafını təmin etmək üçün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması və həmin Fonda dövlət vəsaitinin ayrılması, mətbuatın müxtəlif layihələr əsasında bu Fonddan vəsait alaraq çap orqanını ayaq üstdə saxlaması, ölkə Prezidentinin bu baxımdan həyata keçirdiyi tədbirlərin içərisində xüsusi yer tutur.