"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetində keçirdiyi müşavirədəki çıxışı bir çox vacib, əhəmiyyətli, xalqı düşündürən məqamları ilə diqqəti cəlb edib. Ölkə rəhbərimizin çıxışı, irəli sürdüyü iradlar, vurğuladığı nöqsanlar xalqımızın milli maraqlarına tam cavab verməkdədir". Bu fikirləri SİA-ya Milli QHT Forumunun İdarə Heyətinin üzvü, "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin sədri, Pedoğoji Universitetin dosenti İradə Əliyeva ölkə başçısının müşavirədə vurğuladığı fikirləri şərh edərkən deyib.
O qeyd edib ki, bu gün Azərbaycan dövlətinin qətiyyətinin əsasını Prezident İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasi kurs təşkil edir. Belə ki, Azərbaycan dünyaya öz maraqlarını bir daha qətiyyətlə müdafiə edəcəyini bəyan etməklə yanaşı, bir sıra xarici dövlətlərin, QHT-lərin, insan haqları təşkilatlarının, xüsusilə də Almaniyanın ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdlərinə sərt cavab verildi: "O cümlədən, AŞPA və Avropa Parlamentinin antiazərbaycan kampaniyasına qoşulmaq siyasətinə də cəmiyyətimizin kəskin etirazı ortaya qoyuldu. Beləliklə, qənaətə gələ bilərik ki, cənab Prezidentin çıxışı Azərbaycan xalqının qəti mövqeyidir və cəmiyyət Prezidentin siyasi kursunu qətiyyətlə dəstəkləyir, bundan sonra da dəstəkləməyə davam edəcək".
İradə Əliyeva qeyd edib ki, Azərbaycan öz inkişafı ilə bir çoxlarını narahat edir: "Bu gün bir sıra xarici ölkələrin Azərbaycana "sənin dostun və tərəfdaşınam" deyib hansı fikirlər səsləndirməsindən, hansı bəyanatlar verməsindən asılı olmayaraq Cənab Prezident İlham Əliyev I Avropa Oyunları zamanı hər kəsə buradakı inkişafı, buradakı demokratiyanı göstərdi. Bu, bilavasitə anti-Azərbaycan qüvvələrinə cavabdır, qətiyyətli cavab".
QHT rəhbəri bildirib ki, ölkə Prezidentinin hər bir məmurdan və dövlət qulluqçusundan birinci tələbi odur ki, onlar üçün yaradılmış şəraitdən yalnız ölkənin inkişafı və Azərbaycan xalqının rifahı naminə istifadə etsinlər: "Cənab Prezidentin irəli sürdüyü əsas tələblərdən biri də budur ki, kimliyindən, statusundan asılı olmayaraq, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldırsın və insanları narahat edən məsələləri həll etsin".
Milli QHT Forumunun təmsilçisi dövlət başçısının məmurların və bir sıra sahibkarların fəaliyyətindəki nöqsanları, eləcə də vergi məsələlərində sahibkarlara göstərdikləri mənfi münasibəti kəskin tənqid etməsi sıravi vətəndaşlar və ictimai-siyasi təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanıb və təqdir olunduğunu deyib: "Biz öncəki müşavirələrdə də Cənab Prezidentin bu cür qətiyyətli çıxışlarını, tənqidlərini görmüş və eşitmişik. Xatırlatmaq istərdim ki, hələ bundan öncəki müşavirəsində O, insanlarla qarşılıqlı əlaqələri qura bilməyən, onlarla səmimi, mədəni davrana bilməyən və ehtiyaclarına biganə yanaşan hər bir vəzifəli şəxs haqqında ciddi ölçülər götürüləcəyini bildirmiş və sonrakı dövrdə həyata keçirilən tədbirlər, o cümlədən kadr dəyişiklikləri ilə bunu təsdiq etmişdir. Bu isə onu göstərir ki, hər bir sahədə intizam və məsuliyyətin olması, hər bir insanın, bütövlükdə ölkə vətəndaşlarının həyatının təhlükəsizliyi, hüquqlarının və azadlıqlarının qorunması, gündəlik həyatda sabitliyin və əmin-amanlığın, bir sözlə, qayda-qanunun təmin edilməsi deməkdir. Hər bir məmurun məsuliyyət hissi yerində olsa, ölkədə və cəmiyyətdə neqativ halların sayı sıfra enər və xoşagəlməz heç bir hadisə baş verməz. İnanırıq ki, məhz sonuncu müşavirədə də Cənab İlham Əliyev tərəfindən vergi, bank, turizm, nəqliyyat kimi məsələlərdə vurğulanan fikirlər, yaşanan problemlər qısa zaman kəsiyində aradan qaldırılacaq. Azərbaycan xalqı Onu dəstəkləyir, Azərbaycan xalqı Onun ətrafında sıx birləşir və Azərbaycan xalqı hər zaman Onun yürütdüyü siyasətə "Hə" deyəcək. Çünki xalq İlham Əliyev deyəndə zəfər, qələbə, inkişaf, tərəqqi və davamlı uğurlar anlayır. Bu anlayış hər birimizin qəlbində özünə yer etmişdir".
Rövşən Nurəddinoğlu