Tarix-diyarşünaslıq muzeyləri xalqımızın qədimlərdən üzü bəri formalaşan tarixi mədəniyyətinin qorunduğu, mühafizə edildiyi, təbliğ olunduğu məkanlardır. Mədəniyyət və Turizm nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bölgəyə xas olan tarixi elementlərin, zəngin maddi-mədəniyyət nümunələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından Zaqatala Tarix-Diyarşünaslıq muzeyi mühüm əhəmiyyət kəsb edir.
Zaqatala Tarix - diyarşünaslıq muzeyi 1967 - ci ildə yaradılıb. Muzey Azərbaycanın rayonları arasında ilk yaranmış muzeylərdən biridir və burada əlyazmalar, şəkillər, numizmatika, arxeologiya, tətbiqi incəsənət, məişət əşyaları şöbələri mövcuddur. 2000-dən çox əlyazma və kitabların qorunduğu muzeyin əsas fondunda 4685 eksponat var.
Türk Əməkdaşlıq və Koordinasiya agentliyi Başqanlığı tərəfindən Azərbaycan əlyazması tarixi əsərlərinin qorunması sahəsində aparılan işə uyğun olaraq Zaqatala Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarından Ruhəngiz Əhmədova, Aynur Rəcəbova, Aynur Mirzəyeva, Samirə Qurbanova, Şahru Zərqənəyeva 12-24 yanvar 2015-ci il tarixlərində Konya bölgə yazma əsərlər kitabxanasında və Süleymaniyyə yazma əsərlər kitabxanasında təşkil edilmiş əlyazmaların qorunması, təmizlənməsi, bərpa edilməsi ilə bağlı xüsusi olaraq təşkil edilmiş təlim kurslarında iştirak edərək rayona qayıtmışdırlar. Hazırda Tarix-Diyarşünaslıq muzeyində qədim əlyazmaların və kitabların bərpası işi aparılır və artıq 50-yə yaxın kitab muzey işçiləri tərəfindən bərpa edilib.
Zaqatala Tarix-diyarşünaslıq muzeyinin tariximizin qorunması, bərpası, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı işlərin içərisində kitabların bərpası işi xüsusi olaraq fərqlənir və gələn qonaqların, rayon ictimaiyyətinin diqqətini cəlb edir.



