"Bəzi insanlar nikah müqaviləsini bağlamağı özlərinə sığışdırmırlar. Ancaq sonrakı hadisələr, boşanmalar onu göstərir ki, nikah müqaviləsi, tibbi arayış vacib sənədlərdəndir və ona görə də evləndikdən sonra yaranan problemləri əvvəlcədən düşünmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında professor Adil Qeybulla söyləyib. Professor bildirib ki, cəmiyyətdə nikah müqaviləsinin, tibbi arayışın mahiyyətinin, üstünlüklərinin düzgün başa düşülməsi üçün təbliğat aparılmalı, nikah üçün müraciət edənlərə bu müqavilənin üstünlüklərini izah etməli, gənclər arasında təbliğat aparılmalıdır: "Dünyanın hər yerində ailələrdə baş verən problemlərin həlli məhkəmələrdə müqaviləyə əsaslanır. Ona görə də bu müqavilənin bağlanması vacib şərtdir. Nikah müqaviləsinin bir şərti də sağlamlıqla bağlı problemin gizlədilməməsidir. Ona görə də Nazirlər Kabinetinin qərarı ilə tibbi arayışın alınması üçün konkret müayinələr müəyyənləşib ki, hər bir şəxs yoxlanılmalıdır. Xəstəliklərin Azərbaycanda yayılması, aşkarlanması, cinsi yolla keçən xəstəliklərdir ki, bu zaman xəstə qarşısındakı insanı məlumatlandırmalıdır. Talassemiya və digər yoluxucu xəstəliklərin daşıyıcıları ailə qurmamışdan əvvəl bilməlidirlər ki, gələcəyi üçün, daha ciddi nəticələr olmasın deyə müayinədən keçməli və əks tərəfi məlumatlandırmalıdır. Əslində tibbi arayışın alınması nikah müqaviləsinin pozulması kimi dəyərləndirilməlidir. Yəni sonradan meydana gələcək problemi gizlədən şəxs məsuliyyət daşıyır. Bir sözlə tibbi arayışı verən xəstəxana da verdiyi sənədin məsuliyyətini dərk etməli, yanlışlığa yol verilməməlidir. Düşünürəm ki, heç bir klinika imkan verməz ki, hər hansı sənədin alınmasında saxtakarlıq olsun".