Dekanlar üçün təlim keçirilir

9 İyul 2015 14:03 (UTC+04:00)
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil müəssisələrinin dekanları üçün "Tədrisin təşkili" adlı təlim proqramına başlanılıb. SİA-nın məlumatına görə, təlimin əsas məqsədi universitet tədrisinin dekanlıq səviyyəsində modelini qurmaq, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən kadr potensialının gücləndirmək və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün zəmin yaratmaqdır.

ADİU-nin rektoru, professor Ədalət Muradov bildirib ki, universitetin idarəetmə fəlsəfəsinin əsasında dekanların liderliyi dayanır: "Təlim proqramı dekanların peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək. Dekanların iş prosesində qarşılaşdıqları problemləri birgə müzakirə etmək imkanı yaranacaq. Problem yaradan məqamları aradan qaldırmaq üçün təkliflər hazırlanıb, Təhsil Nazirliyinə göndəriləcək".

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev Təhsil naziri Mikayıl Cabbarovun təlimləri müsbət dəyərləndirdiyini bildirərək qeyd edib ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" və onun bazasında hazırlanan "Fəaliyyət Planı"na uyğun olaraq, təhsil sahəsində islahatlar aparılır: "Artıq bütün ali təhsil müəssisələrinə maliyyə muxtariyyəti verilib. İndi isə akademik muxtariyyətin verilməsi istiqamətində işlər görülür. Universitetlər bu imkanlardan yararlana bilmək üçün hazırlıqlı olmalıdırlar. Bu baxımdan, ali təhsil müəssisələrinin dekanları üçün "Tədrisin təşkili" təlimlərinin əhəmiyyəti böyükdür.

Aparat rəhbəri gələcəkdə belə təlimlərin digər ali təhsil müəssisələrinin dekanlarının da cəlb ediləsinin müsbət nəticə verəcəyini bildirib.

Sonra Y.Piriyev ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistei ilə tədrisin təşkili haqqında təqdimat ilə çıxış edib.

Təlimdə Bolonya prosesi və Avropa təhsil sisteminin formalaşması, qanunvericilik, ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkilinə dair normativ-hüquqi sənədlər haqda fikir mübadiləsi aparılacaq. Eyni zamanda, fakültələrdə tədris işinin təşkili və təkmilləşdirilməsi, tədris prosesi, tədris-metodiki təminat, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi və universitetdə nizam-intizam qaydaları barədə müzakirələr keçiriləcək.

Qeyd edək ki, təlimdə ADİU-nin dekanları və mərkəz rəhbərləri iştirak edir. Beş gün davam edəcək təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.

İntizarə Məmmədova