"İntizar" ŞEİR

9 İyul 2015 09:56 (UTC+04:00)
Pərişan-pərişan açılar səhər

Bir oğlan bəxtindən gileylik eylər.

Günü axşamacan dözər bir təhər

Qəlbində sübhəcən yatmaz gileylər.

Pərişan-pərişan açılar səhər

Fikirli oyanar yuxudan o qız.

Didər ürəyini yeyər şübhələr

Bu gün də ümidsiz, bu gün də yalqız.

Bir-birin axtarar, bir-birin gəzər

O bir cüt ayrılar dalğın, nigaran.

Ümid soraqlayar pərişan gözlər

Tale soraqalayar pərişan cavan.

Bir gün intizarın buzu əriyər

Hardasa rast salar tale onları

Sevinc ayaq tutub o gün yeriyər

Səadət baş alar günəşə sarı.

Bir oğlan fikirli açar səhəri

"Görəsən eşqimi açım deyimmi?"

Bir qız yata bilməz axşamdan bəri

"Görən o oğlanın qəlbindəyəmmi?"

Kövrək qız qəlbinə məktub nur çilər

Hər axşam toy girər bal yuxusuna.

Oğlanın ümidin axşam elçilər

Ərmağan aparar qız qapısına.

Könlündən "Vağzalı" sədası gələr ,

Bir qız ürəyinin sınar tilsimi.

O qız qonşu evdən qulaq kəsilər

Elçilər "hə" ilə gedənə kimi.

Dursun Musayev