Elçin Mirzəbəyli: “Ermənistan bu münaqişədə işğalçı dövlət olaraq tək deyil” AÇIQLAMA

8 İyul 2015 14:17 (UTC+04:00)

"Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanda görüşünün olacağına dair fikirlər öz təsdiqini tapdıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə hansısa müsbət addımların atılacağına dair konkret proqnoz verə bilərik. Amma bütün hallarda Ermənistanın davranışları, atdığı addımlar, son günlərdə cəbhə xəttində vəziyyəti gərginləşdirmə cəhdləri hesab edirəm ki, danışıqların müsbət məcraya yönlənməyəcəyindən xəbər verir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq qeyd edib ki, beynəlxalq təşkilatların, o cümlədən də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin ortalıqda birmənalı mövqeyi yoxdur: "Yenidən ikili standartlar, riyakar münasibət davam edir və işğalçı ölkəyə qarşı hər hansı bir təzyiq göstərilmir. Ermənistandakı daxili vəziyyətin ciddi şəkildə dəyişməsi, sosial partlayış həddinə çatması mövcud hakimiyyətin sütunlarının laxlaması, erməni xalqının Sarkisyan rejiminə etimadsızlığı onu deməyə əsas verir ki, hazırkı iqtidarla danışıqlar masasına oturmağın hər hansı bir effekti olmayacaq. Ermənistan bu münaqişədə onsuzda işğalçı dövlət olaraq tək deyil, onu himayə edən qüvvə var. Müsbət irəliləyişin baş verməsi üçün həmin qüvvənin öz mövqeyində dəyişkilik etməsi lazımdır. İndiki şəraitdə isə heç bir dəyişiklik görmürəm".

İntizarə Məmmədova