Azərbaycan-Əfqanıstan mədəni əlaqələri genişlənir

3 İyul 2015 17:26 (UTC+04:00)

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarından söhbət açıldı. Nazir qarşılıqlı səfərlərin bu əlaqələri daha da intensivləşdirəcəyini bildirdi. Ötən il martında Əfqanıstanın paytaxtı Kabildə keçirilən Novruz sammitində Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirak etdiyini xatırladan Əbülfəs Qarayev iki ölkə xalqlarını birləşdirən tarixi bağların, dini, mənəvi dəyərlərin olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycanla Əfqanıstanın oxşar cəhətlərindən biri də çoxmillətli və çoxmədəniyyətli ölkələr olmasıdır: "Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələrinə Əfqanıstandan da ifaçıları dəvət edirik. Bundan başqa, ölkənizin turizm şirkətləri Bakıda keçirilən turizm sərgilərinə qatılırlar. Bu baxımdan biz əlaqələrimizin daha da inkişaf etdirilməsinin tərəfdarıyıq".

Səfir də öz növbəsində xalqlarımız arasında dini, tarixi, mədəni yaxınlıqdan bəhs etdi və bildirib ki, Əfqanıstan səfirliyinin fəaliyyəti həm də bu əlaqələrin inkişaf etdirilməsinə yönəlib.

Qeyd edək ki, sonra görüşdə mədəni və turizm əlaqələri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.