Gürcüstanın paytaxtı Tiflis şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Çempionlar Beynəlxalq turniri keçirilib. SİA-nın məlumatına görə, güləşçilərimiz yığma komandanın böyük məşqçisi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında turnirdə iştirak edib və yarışı 1 qızıl, 3 gümüş, 2 bürünc medalla tamamlayıblar.
42 kq çəkidə mübarizə aparan Fail İsgəndərov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə məğlub olan Rəcəbəli Nəsirov (50 kq), Elvin Mustafayev (54 kq) və Nəzərşah Fətullayev (76 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Məhəmmədəli Həsənov (58 kq) və Yaşar Zamanov (85 kq) qazandırıb.