Lerik şəhərində gənclərin hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində keçirilən tədbirdə çağırışçılarla yanaşı, rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, müharibə veteranları, valideynlər də iştirak ediblər. Tədbir iştirakçıları öncə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edib önündə gül dəstələri düzüblər.Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq çağırışçıları və valideynləri təbrik edərək gənclərin Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirilməsində uğurlar arzulayıb.Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi mayor Fəxrəddin Mirzəliyev məruzə ilə çıxış edərək ordu quruculuğu sahəsində son illərdə Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində respublikamızın regionda ən güclü orduya malik ölkəyə çevrildiyini qeyd edib, xidmətə yola salınan gənclərin ordu sıralarında Vətənə ləyaqətlə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib. Cənab Prezidentin sərəncamı ilə həyata keçirilən həqiqi hərbi xidmətə çağırış kampaniyasının həmişə Lerikdə uğurla başa çatdırıldığını, gənclərimizin həvəslə ordu sıralarına getdiyini vurğulayıb. Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, çağrışçı valideyni Habil Məlikov, Lerik şəhər məscidinin axundu Hacı İlham Əliyev gənclərə xeyir-dua verib, onların hərbi vəzifələrə vicdanla və məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər.Çağırışçılar adından çıxış edən Azər Dadaşzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyi özlərinə borc və şərəf bildiklərini, öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini, Ali Baş Komandan cənab İlham Əliyevin əmri olarsa torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olacaqlarını bildirib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğulayaraq, gəncləri Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırıb. O, ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi nəticəsində yaradılan Milli Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin gündən-günə gücləndirilməsi istiqamətində son illər cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirləri, zabit və əsgərlər üçün yaradılan şəraiti xüsusi olaraq qeyd edib. Mərasim konsert proqramı ilə davam etdirilib.Çağırışçılar Azərbaycan Respublikasının Dövlət bayrağını öpərək hərbi hissələrə yola düşüblər.
Sərraf Mirsəfəroğlu
.jpg)

