"Bu gün Azərbaycan güclü inkişaf edir. Ölkəmizin inkişafının yaratdığı nəticə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı planlarına uyuşmur. Bu gün Azərbaycan müstəqil siyasət aparır. Amerikaya isə lazımdır ki, Rusiyanın qonşuluğunda olan dövlətlərin 1-2-də vəziyyəti gərginləşdirsin". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Azərbaycanda keçirilən I Avropa Oyunları zamanı Avropadakı Azərbaycan oyunlarına münasibət bildirərkən deyib.
Mərkəz sədrinin sözlərinə görə, ABŞ vəziyyət gərginləşəndən sonra istəyir ki, Rusiyanı pisləsin, ittiham etsin: "Azərbaycan isə müstəqil siyasət aparır və aparmağa da gücü var. Ölkəmiz çox yüksək səviyyədə idarə olunur. I Avropa Oyunları kimi beynəlxalq tədbirlər də Azərbaycanın həm gücünün inkişafına təkan verir, həm də gücünün bir növ nümayişidir. Ona görə də onlar çalışdılar ki, bu prosesi mümkün qədər zədələsinlər. Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində olduğu kimi, onlar əsasən üzərimizə Almaniyanı salmışdılar. Təbii ki, bu da təsadüfi deyil. Onlar bilirlər ki, Azərbaycanın Almaniyaya xüsusi münasibəti olub. Almanlar Azərbaycanda sənayeləşmənin bünövrəsini qoyan avropalılardır. Bu mənada onlar çalışdılar ki, Almaniya ilə Azərbaycan arasında gərginlik yaratmaqla Azərbaycan xalqının gözündə bütövlükdə Avropaya inteqrasiya ideyasını gözdən salsınlar".