2015-ci il iyunun 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Monitorinq, qiymətləndirmə və idarəetmə qərarlarının qəbul edilməsi üçün Hamilə Qadınların Elektron Reyestrinin istifadəsi"nə dair seminar keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunmuş seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə üzrə ofisinin rəhbəri K. Qaraxanov, Bakı şəhərində fəaliyyət göstərən doğum evlərinin baş həkimləri, qadın məsləhətxanalarının müdirləri iştirak ediblər.
Seminarda çıxış edən İSİM-in direktoru C. Məmmədov Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi" layihəsinin məqsədinin ana, uşaq və körpələr arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması və profilaktikasının yaxşılaşdırılması olduğunu qeyd edib: "Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində bir sıra işlər görülüb – "Uşağın İmmunizasiya Pasportu" elektron modulu təkmilləşdirilib, 103 və 106 formalarının proqram təminatı yeniləşdirilib, hamilə qadınların elektron reyestri yaradılıb. Qazaxıstanda hamilələrin reyestrinin təşkili çox uğurla həyata keçirilir".
Daha sonra "Azərbaycanda hamilələrin reyestri" seminar iştirakçılarının nəzərinə çatdırılıb. Hamilələrin reyestri – hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı baza olduğun, hamilələrin reyestrinin əhəmiyyətindən və onlara informasiya baxımından yaratdığı imkanlardan söhbət açılıb.
"Hamilələrin elektron reyestri" ilə bağlı proqramla iştirakçıları Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin nümayəndəsi S. Əliyev tanış edib.