Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqanı olan "Qobustan" jurnalının növbəti nömrəsi çapdan çıxıb. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, jurnalın ilk səhifəsində baş redaktor Vaqif Əlixanlının "Qırx sətir" sərlövhəli yazısı yer alıb. Bu yazıda redaksiyaya edilən zənglər əsasında oxucuların fikirləri yer alıb.
Jurnalın "Pərdənin o üzü" rubrikasında "Yeni dram gecikir" sərlövhəli söhbətdə müasir teatrın problem məsələləri araşdırılır.
Növbəti səhifələrdə rejissor Ağalar İdrisoğlu, şair Yusif Nəğməkar haqqında müsahibələr təqdim olunub.
Jurnalın "Yurd yeri" rubrikasında qədim Oğuz torpağı olan Dərbənd haqqında, onun mədəniyyəti, incəsənət xadimləri haqqında çeşidli yazılar dərc edilib.
Jurnalda, həmçinin tanınmış bəstəkar, xalq artisti Hacı Xanməmmədov, məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərli kimi incəsənət ustalarımız, "Sarı sim" rubrikasında muğamşünaslığımızdan bəhs edən yazılar təqdim olunub.
Jurnalın son səhifələrində "Borçalı xalçaları", "Kürdülər və qıyhalar", "Gəncə karvansaraları" və digər yazılar da oxucuların ixtiyarına verilib.