"Özümüzə inanırdıq və matça köklənmişdik. Amma təəssüf ki, Belçika yığmasına məğlub olduq". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparan qadınlardan ibarət Türkiyə milli komandasının üzvü Duyqu Fırat deyib. O, rəqib komandanın çox güclü oyunçuları olduğunu vurğulayıb. İdmançı komandası üçün yarışın hələ yeni başladığını, bundan sonrakı oyunlarda qələbə qazanaraq yaxşı nəticələrə imza atmağa çalışacaqlarını qeyd edib.
D. Fırat ilk Avropa Oyunlarının mükəmməl şəkildə təşkil edildiyini bildirib: "Bakı-2015" ilk Avropa Oyunlarında ən kiçik detallar belə düşünülüb. Bunun üçün Azərbaycana təşəkkürümüzü bildiririk".
Basketbolçu Bakıya ilk səfərinin olduğunu deyib: "Buranı çox bəyəndim. Geri qayıdanda ailəmə və dostlarıma paytaxtınız haqqında danışacağam, burada çəkdiyim şəkilləri göstərəcəyəm. Sonralar da Bakıya gəlməyi düşünürəm".