"Milli Şura sədri Cəmil Həsənli "Yeni Müsavat"a qarşı əks-hücuma keçib. AXCP də "aydan arı, sudan duru" professorun müdafiəsi üçün bütün imkanlarını hərəkətə gətirdi". SİA xəbər verir ki, bu fikirləri "Yeni Müsvat" qəzetinin yazarı Elbəyi Həsənli təmsil olunduğu mətbu orqanda "Azadlıq" qəzeti, eləcə də AXCP və Milli Şura tərəfindən edilən hücumlarda qarşı tərəfin onlara xəyanət, hakimiyyətə satılmaq suçlamalarına münasibət bildirərkən qeyd edib.
Lakin "Yeni Müsavat"ın yazarı AXCP və Milli Şura tərəfindən mətbu orqanın rəhbəri Rauf Arifoğluya qarşı başladılan hücumlarda Müsavat Partiyasının rəhbərliyinin, xüsusilə yeni rəhbərliyinin yaxasını kənara çəkməsini də pisləyib: "Müsavat Partiyasının yeni rəhbərliyi yaxasını dərhal geriyə çəkdi və partiya bu dəfə də "Yeni Müsavat"ı qaragüruhla savaşda tək qoydu...".
Qeyd edək ki, Cəmil Həsənli növbəti ittihamlarında Rauf Arifoğlunun Müsavat Partiyasının rəhbərliyini də hədəfə almasını iddia edib və bildirib ki, "Yeni Müsavat"ın baş yazarı bu vasitə ilə "Müsavat Partiyasını hakimiyyətə işləməyə" məcbur edir.
Rövşən Nurəddinoğlu