"Avropa Oyunlarının başlanmasından ötən1 həftəni qiymətləndirən zaman, yalnız mədəni, siyasi və idman həftəsinin yekunu kimi deyil, eyni zamanda iqtisadi tərəfdən yekun kimi qiymətləndirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekpsert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin stabil inkişafını göstərmiş oldu: "Turistlərin sayının artması ölkəmizə 200 milyon dollar əlavə gəlir qazandıracaq. bu da o deməkdir ki, Mərkəzi Bankın xarici valyuta qarşısında intervensiya gücünü artacaq. Həmçinin Avropa Oyunları gələcəyə istiqamətləndirilmiş strateji gəlirləri ölkəyə cəlb edəcək.Bir həftənin yekunları onu göstərir ki, Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi eyni zamanda Azərbaycan üçün müsbət iqtisadi təsirlərə malikdir. Azərbaycan son illər ərzində bu qədər turist qəbul etməmişdi. Ölkəyə gələn turistlərin sayının artması yalnız xidmət sektorunun faydalanmasına deyil, eyni zamanda maliyyə bank sektoru daxil olmaqla iqtisadiyyatın fərqli sektorlarının inkişafına da şərait yaradıb. Belə ki, turistlərin ölkəyə gəlməsi, xidmət sektorundan istifadə etməsi, otellərdə qalması Azərbaycan iqtisadiyyata qoyulan sərmaye kimi qiymətləndirilir. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycana gələn hər bir turist həftə ərzində 1000 dollar, Avropa Oyunları keçirilən zaman isə ən azı 2000 dollar pul xərcləyir. Bu o deməkdir ki, bütövlükdə turizm sektoruna təxminən 200 milyon dollara yaxın əlavə vəsait daxil olacaq. Avropa Oyunları maliyyə stabilliyi baxımından olduqca vacib idi".
İqtisadçı ekspert söyləyib ki, Oyunlar həmçinin manata tələbin artması, xarici valyuta təklifinin yüksəlməsinə də gətirib çıxarır: "Çünki, ölkəyə gələn turistlər özləri ilə xarici valyuta gətirirlər və xarici valyutanı yerli valyutaya yəni manata çevirirlər. Bu da maliyyə stabilliyinə nail olmağa imkan verir. Manata tələbin artması Mərkəzi Bankın intervensiya xərclərində kəskin azalmalara gətirib çıxarıb. Bu da təbii ki, dövlət rezervlərinin qorunması baxımından olduqca vacibdir. Avropa Oyunları həmçinin strateji təşəbbüsdür. Strateji təşəbbüs olduğu üçün, eyni zamanda nəzərə alsaq ki, Avropa Oyunlarının təşkil olunması üçün xərclənən vəsaitin 75 faizi infrastruktur xərcləridir, bu isə o deməkdir ki Avropa Oyunları başa çatdıqdan sonra da möhtəşəm oyunların Azərbaycanda təşkil edilməsinin ölkə iqtisadiyyatına müsbət təsiri hissedilməkdə davam edəcək. Nəzərə alsaq ki, Azərbaycan Formula- 1, İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa Çempionatının yarımfinal oyunlarını təşkil edəcək, bütün bunlar o deməkdir ki, yenidən həmin infrastruktur istifadə olunacaq. Yenidən ölkəmiz turizm sektoru, ölkəyə gələn turistlərin sayının artması və eyni zamanda ölkənin rəqabət qabiliyyətinin təqdim edilməsi hesabına strateji olaraq ölkəmiz gəlir əldə etmək imkanı qazanacaq".
İqtisadçı ekspert həmçinin vurğulayıb ki, Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi birmənalı şəkildə Azərbaycanın iqtisadi gücünün ortaya qoymuş oldu: "Azərbaycan 2 il yarım ərzində Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi ilə bağlı proseduru formalaşdıra bildi. Etiraf etmək lazımdır ki, dünyada az sayda ölkələr var ki məhz qısa zamanda kifayət qədər möhtəşəm oyunların ölkəsində təşkil edilməsini reallaşdıra bilərdi. Təbii ki, Azərbaycan həmin azsaylı ölkələrdən biridir".