"Bakı-2015"in Açılış Mərasimində nələr baş verdi? YENİLƏNİB

12 İyun 2015 23:04 (UTC+04:00)

"Bakı-2015" I Avropa Oyunlarının Açılış Mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, bir çox ölkələrin dövlət başçıları və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də iştirak edib.

Tanınmış şoumen Murad Dadaşov və teleaparıcı Hüsniyyə Məhərrəmova tədbirdə iştirak edənləri və televiziya vasitəsilə milyonlarla insanı salamlayıblar. 2015-ci ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Elnur Hüseynov mahnı ifa edib. Sonra Azərbaycan Dövlət Rəqs Ansambulu çıxış edib. "Bakı-2015" I Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş olunub.

Muğam ustası Alim Qasımov bədahətən muğam ifa edib və 50 nağaranın ritmik sədaları altında 24-dən sıfıra qədər geriyə sayım başlayıb. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərir. Səhnə 1000 nəfərə yaxın rəqqasənin Azərbaycanın dünyaca məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və səhnədə Azərbaycan bayrağı canlandırılıb. "Bakı-2015" ilk Avropa Oyunlarının məşəlini tanınmış idmançımız İlham Zəkiyev arenaya gətirib. Onu məşhur taekvondoçumuz Səid Quliyev müşayiət edib.

Səhnədə dahi şair Nizaminin əlində tutduğu tərəzinin hər gözündə bir kukla fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər – Leyli və Məcnundur.

50 ölkəni təmsil edən təxminən 6 min idmançının iştirakı ilə parad başlayıb. Paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedib. Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzülüb. Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vurub. Azərbaycan milli komandasının bayraqdarı 2015-ci ildə cüdo üzrə bütün beynəlxalq yarışlarda qızıl medal qazanmış Elmar Qasımov olub.

Sonra dünya ulduzu, məşhur müğənni Ledi Qaqa "Təsəvvür et" mahnısını ifa edib.

Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın 8 Olimpiya çempionu gətirib. Bayrağı gətirənlər arasında Azərbaycanın Olimpiya çempionu Namiq Abdullayev də olub.

Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tədbir iştirakçılarını salamlayıb. O, "Bakı-2015" I Avropa Oyunlarının Açılış Mərasimi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyeva Azərbaycanın Avropanın tarixində yeni səhifə yazdığını qeyd edib. Azərbaycanın birinci xanımı "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin az vaxtda yüksək səviyyədə işlər həyata keçirdiyini deyib. O, Təşkilat Komitəsi ilə əməkdaşlıq edən yerli və xarici tərəfdaşlara, könüllülərə minnətdarlığını bildirib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib. P. Hikki qeyd edib ki, bu gün bütün Avropa böyük tarixi idman hadisəsinə şahidlik edir. O, Azərbaycanda idmanın inkişafına xüsusi önəm verildiyini, ölkəmizdə idmana və idmançılara yüksək qayğı göstərildiyini qeyd edib. P. Hikki I Avropa Oyunlarının xalqları dostluğa və sülhə səslədiyini deyib.

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı-2015" I Avropa Oyunlarını açıq elan edib.

Muğam ustası Alim Qasımov çıxış edib. Möhtəşəm kompozisiya ilə Azərbaycanın xalq mahnısı "Sarı gəlin" səsləndirilib.

Səhnəyə yazın gəlişini simvolizə edən Novruzu, "küləklər şəhəri" Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən insanlar çıxıb. Onlar bəşərin birliyə və anlaşmaya ehtiyacı olduğunu xatırladıblar. Mərasimin sonunda bu axşamın 2000 nəfər ifaçısı səhnəyə toplaşaraq tədbiri sevinclə təntənəli şəkildə başa çatdırıblar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi "Yallı" oynayıblar və möhtəşəm atəşfəşanlıq olub.

Elgün Vidadioğlu