"İlk Avropa Oyunları artıq tarixə öz imzasını həkk edib. Bu gün də Azərbaycan gəncliyi onun sevincini yaşayır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı deyib.
Yusif Babanlı Birinci Avropa Oyunlarında könüllülərin dəstəyinin nəzərdə tutulduğunu və onların da əsas tərkib hissəsinin gənclərdən ibarət olduğunu qeyd edərək bildirib ki, İlk Avropa oyunlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin rolu böyükdür: "Biz bütün gücümüzlə bir komanda şəklində fəaliyyət göstərməklə dəstəyimizi əsirgəmədik. Fəxr edirik ki, biz bu günün, inkişaf edən Azərbaycanın gəncləriyik".
Yusif Babanlı onu da qeyd edib ki, Azərbaycan idmançıları istər Avropa, istər dünya çempionatlarında qələbələrini qazanır və Azərbaycanı ölkəmizin hüdudlarından kənarda şərəflə təmsil edirlər: "Qələbə qazanan idmançıların demək olar ki, hamısı akademiyamızın tələbələri, məzunlarıdır. İnanırıq ki, Avropa Oyunlarında da idmançılarımız yüksək yerlər tutaraq, bayrağımızı dalğalandıracaqlar. Bununla yanaşı ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq imicinin daha da yüksəldilməsində, dövlətimizin, mədəniyyətimizin, maddi-mədəniyyət abidələrimizin və turizm imkanlarımızın təbliğində böyük rol oynayacaq. Ona görə bu işdə gənclərin üzərinə böyük məsuliyyət düşür".
Prorektor həmçinin ölkəmizə qarşı aparılan qara piar kampaniyasına da münasibətini bildirib. Y. Babanlı deyib ki, bütün Avropanın diqqət mərkəzinin məhz gənc Azərbaycanda cəmləşdiyini gözü götürməyən qüvvələr bu və ya digər formada qərəzli bəyanatlar yayırlar: "Bu cür dairələrin hər hansı informasiya savaşı və qara piar cəhdləri ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə mane olmayacaq. Çünki hər şey göz önündədir. Azərbaycanın qısa zaman kəsiyində bu qədər modern inkişafı və nailiyyətləri danılmazdır. Bu beynəlxalq tədbir uğurla başa çatacağına əminik. Çünki beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsi genişdir. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu inkişafın, təcrübənin daha bir dolğun nümunəsidir".
İntizarə Məmmədova