Ortadakı haray-həşir

12 İyun 2015 12:20 (UTC+04:00)

Son zamanlar Qərbin mərəzli qərəzi Azərbaycan xalqının mövqeyinə, seçiminə və iradəsinə qara yaxmağa çalışsa da, çox cılız və aşırı görünməklə yanaşı, həm də ifşa olunmaqdadır. Ancaq Avropada keçiriləcək ilk Avropa Oyunlarının Azərbaycanda baş tutması həmin tərəfləri əməlli-başlı qıcıqlandırıb, qaşındırıb. Gah Avropa Parlamentinin, gah da ABŞ-ın bir sıra siyasi strukturlarının mövqeyini ifadə edən qərəzlər indinin özündə də davam edir. Nə qədər maraqlı görünsə də bu kimi vəziyyət yalnız ilk Avropa Oyunlarında, daha öncələr keçirilmiş "Eurovision" yarışmasında deyil, həm də siyasi proseslərdə - seçkilərdə və s. hadisələrdə də təkrar olunmaqdadırlar.

Onlar elə bilirdilər ki, göstərişlərinə əsasən, bütün Avropa qurumları Azərbaycanı tənqid hədəfinə çevirəcəklər

Hətta ölkəmizdə bir quş asqırsa belə, Qərb onu siyasiləşdirərək, həmin quşcuğazın hakimiyyətin təzyiqinə məruz qaldığını iddia edəcəklər. Yəni məsələ bu qədər çərçivədən çıxıb və ortadakı haray-şivən də bu kontekstdəndir.

Ancaq daha bir məsələ də var ortada. Belə ki, Azərbaycanın müstəqil milli inkişafı və iqtisadi gücü ilə yanaşı siyasi intibahının olduqca qabarması kimlərəsə sərf etmir. AXCP, "Milli Şura" kimi bədnam dairələr bu sıralamada birincidirlər. Onlar elə bilirdilər ki, göstərişlərinə əsasən, bütün Avropa qurumları Azərbaycanı tənqid hədəfinə çevirəcəklər. Amma arzuları ürəklərində qaldı. Onlar təbii ki, bu məsələdə nüfuzlu beynəlxalq qurumların mövqeyinə təsir və təzyiq göstərə bilmədilər.

Ümumiyyətlə, onlar kifayət qədər yaxşı başa düşürlər ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Bu da Azərbaycanın nüfuzunu yüksəldən amillərdir. Bu hal isə bir çox xarici dairələrin maraqlarına uyğun gəlmir. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunacağını bildikləri üçün ölkəmizin oyunlardan əldə edəcəyi dividendlərin qarşısını öncədən almağa çalışırlar.

Marionetlər Azərbaycanın müqəddəs, qalib və zəfər adını ləkələməyə imkan tapmayacaqlar

Bütün bunlar isə bir daha təsdiq edir ki, müxtəlif ölkələrdə demokratiyanın səviyyəsi müəyyən qüvvələrin maraqları prizmasından qiymətləndirilir. Əlbəttə, dünyada müəyyən təsir gücü olan anti-Azərbaycan dairələr ölkəmizin hüdudlarından kənarda kimlərinsə rəyini, mövqeyini dəyişə bilər, amma onlar Azərbaycan xalqının mövqeyinə, iradəsinə əl qoya bilməzlər. Çünki ilk Avropa Oyunlarına bir gün qalab və bütün dünyanın nəzəri Bakıdadır! Bu isə onu göstərir ki, xarici qüvvələrin köməyi ilə bəzi antimilli ünsürlərin, xalqa yox, xarici dairələrə bel bağlayan, onların əlaltılarına çevrilmək üçün bütün gedişləri təcrübədən keçirən qrupların təxribatçılıq şansları çoxdan ölüb. Çünki xalqımız bu cür proseslərin mahiyyətinə yaxşı bələddir. İnsanlarımızın siyasi dünyagörüşü və vətənpərvərlik düşüncəsi heç vaxt onların mənafeyinə zidd olan xarici antimilli dairələrin köməyilə marionet ünsürlərin Azərbaycanın müqəddəs, qalib və zəfər adını ləkələməyə imkan verməz...